Gültəkin Hacıbəyli sərbəst buraxılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun özü sosial şəbəkədə məlumat yayıb.
"Dostlar, azadlıqdayam. Diqqətinizə görə minnətdaram.
Mənə ölkədə olmadığım, məlumatım olmadığı, xəbərdar edilmədiyim, SMS xəbərdarlıq almadığım halda xüsusi ittiham qaydasında cinayət işi açıblar. “Facebook”da bir nəfərin statusunun altında yazdığım şərhə görə, özü də status bir neçə gündən sonra silindiyi halda. Yəni, olmayan şərhə görə.
Mənim xəbərim olmadan mənə vəkil də tutublar ki, işi icraata götürüb axtarışa versinlər. Görürsünüzmü, necə qayğıkeş hökumətimiz var!
İttihamın mahiyyətini biləndə, məni kimin əli ilə vurmaq istədiklərini biləndə şoka düşəcəksiniz və Azərbaycan hakimiyyətinin gerçək üzünü görəcəksiniz!
Məni özlərinin ən zəif, mənim ən güclü yerimdən vurmaq qərarına gəliblər. Çox sağ olsunlar, gerçəkdən də buna görə onlara minnətdaram", - G. Hacıbəyli bildirib.
***09:46
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bu gecə ölkəyə qayıdarkən hava limanında saxlanılıb.
Yeniavaz.com sosial şəbəkələrdə yayılan məlumatlara istinadən xəbər verir ki, o, Nəsimi Rayon Polis İdarəsinə aparılıb.
Məlumata görə, G.Hacıbəyli ölkədə olmadığı müddətdə, 27 oktyabrda ona qarşı Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cinayət işi qaldırılıb.