Goranboyun icra başçısı köməkçisinin törətdiyi qəzanı gizlədib? - DİN araşdırır


“Aldığım məlumata görə, Goranboy rayon icra başçısı Məhərrəm Quliyevin köməkçisi Əliyev Ülvi Xasay oğlu bir neçə gün öncə sərxoş vəziyyətdə həmkəndlisi Goranboy rayon Qaradağlı kənd sakini Vəliyev Hazar Ehtiram oğlunu maşınla vurub. Hadisə Bakı-Qazax yolundan Dəliməmmədli şəhərinin girişinə gedən hissədə, “Tac” şadlıq sarayının qarşısında baş verib”.
Yeniavaz.com
xəbər verir ki, bunu jurnalist Arifə Əliyeva sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
Jurnalist bildirib ki, Hazar hadisə zamanı hər iki ayağından ciddi xəsarət aldığından əməliyyat olunub, lakin vəziyyəti ağırdır.
A.Əliyeva hadisənin gizlədildiyini qeyd edib:
“Hadisə zamanı vətəndaş ciddi xəsarət alıb və icra başçısının göstərişi ilə hadisə gizlədilib”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Yeniavaz.com-a açıqlama verib:
“Noyabr ayının 27-də Goranboy rayon Polis Şöbəsinə rayonun Qaradağlı kənd sakini, 15 yaşlı H. Əliyevin hər iki ayağının sınığı xəsarəti alaraq Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilməsi barədə məlumat daxil olub. Məlumat ilə əlaqədar polis əməkdaşları dərhal azyaşlını ziyarət ediblər, H. Əliyev və valideynləri izahatlarında kənd ərazisində yıxıldığını bildirib. Sosial şəbəkələrdə yayılan iddialar ilə bağlı araşdırmalar başlanılıb nəticəsi barədə əlavə məlumat veriləcək”.

DİGƏR XƏBƏRLƏR

Top