"Hər dəfə bizi təhqir edən gömrükçülər birdən-birə dəyişiblər" - Naxçıvan sakini


Sədərək və Culfa gömrük məntəqələri İran və Türkiyəyə gedən vətəndaşlar üçün tətbiq olunan qadağa və məhdudiyyətlərin bəzisini aradan qaldırıb. Bu məntəqələrə müvəqqəti olaraq, Bakıdan yoxlama üçün gələn DTX əməkdaşları nəzarət edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Gündəlik Naxçıvan"a yerli sakinlər məlumat veriblər.
Bildirilib ki, Türkiyəyə getmək üçün 50 kilo tərəvəz keçirmək şərti və 15 günlük məhdudiyyət, artıq tətbiq edilmir. Bundan əlavə, İran və Türkiyədən gətirilən ərzaqlara da qadağalar aradan qaldırılıb.
Şahbuz rayon sakini Əli Bayramov deyir ki, noyabrın 24-də Sədərək gömrüyündən Türkiyəyə rahat keçib və istədiyi ərzağı alıb, geri qayıdıb:
"Eşidəndə ki, 50 kilo tərəvəz keçirmək şərtini qaldırıblar, qulaqlarıma inanmadım. Giriş və çıxışda Bakıdan gələn DTX əməkdaşları oturub, hər şeyə nəzarət edirlər. Gömrük işçiləri quzuya dönüblər. Hər dəfə gedib-qayıdanda bizi təhqir edən, mallarımızı əlimizdən alan əməkdaşlar birdən-birə dəyişib, mülayim, mədəni adamlara çevriliblər. DTX əməkdaşlarının qarşısında farağat dayanırlar. Dedilər ki, qayıdanda nə istəsəz, gətirin. Əvvəl adambaşına 5 kilodan artıq ərzaq qadağan idi, ət qismi isə qəti olmazdı. İndi isə, hər şey sərbəstdir. İnsanlar azadlığa çıxıb. Bizdən 4-5 dəfə ucuzdur deyə, ərzağı maşın-maşın daşıyırlar Türkiyədən. Hamı bilir ki, bu hal müvəqqətidir. DTX gedəndən sonra, hər şey əvvəlki qaydada olacaq. Ona görə hamı əlinə keçəni alıb gətirir. Mən də xeyli ərzaq alıb, rahat Naxçıvana keçirdim".
Babək rayon sakini Yaşar Həsənov deyir ki, Culfa gömrük məntəqəsində də ərzaq və digər məhsulların gətirilməsinə qoyulan qadağa aradan qaldırılıb, bu səbəbdən İrana da axın artıb:
"İranda qiymətlər çox ucuzdur. Əvvəl bir kilo da olsun, ərzaq buraxmırdılar. Bu dəfə sərhəd açılandan, heç nə demirlər. DTX əməkdaşları nəzarət edir. Digərləri kimi mən də özümlə zəruri ərzaq məhsulları aldım və rahat keçirə bildim. Ayda 30 kiloqram norma var. Amma güzəşt edirlər. Müəyyən qədər artıq olanda söz demirlər. Bundan əlavə  avtomobilimə iki təkər almışdım. Burada həmin təkərlər 80 manatdır. Oradan o qiymətə ikisini aldım. Gömrükdə də maneçilik törədilmədi".
Qeyd edək ki, ötən həftədən bəri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan MR Gömrük Komitəsində əməliyyat keçirir. Artıq Komitənin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur saxlanılıb. O, 132 milyonuq mənimsəmədə ittiham olunur.
İddialara görə, saxlanılanların arasında Naxçıvan Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və onun müavinin Səbuhi Novruzov da var. Səbuhi Novruzov Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun yeznısi, Səhət Həbibbəyli isə AMEA prezidenti, akademik İsa Həbibbəylinin oğludur. Onlara qarşı  qaçaqmalçılıq, rüşvət və s. ittihamların irəli sürüldüyü deyilir.

DİGƏR XƏBƏRLƏR

Top