Cəbrayıldakı qəza ilə bağlı cinayət işi açıldı - Təfərrüat


Cəbrayıl rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı məlumat verib.
Bundan əlavə ötən gün baş verən qəzanın bəzi təfərrüatları ortaya çıxıb.
"Qafqazinfo"nun məlumatına görə, Dövlət Sərhəd Xidmətinə məxsus “UAZ”ın çırpıldığı yük maşını işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri ilə məşğul olan “Kalyon RSY” şirkətinə məxsus olub. Belə ki, N saylı hərbi hissənin giziri, 1995-ci il təvəllüdlü Pərviz Qaraşovun idarə etdiyi xidməti avtomobil Cəbrayılın Şükürbəyli kəndində hərəkətdə olarkən şirkətə məxsus olan və Ucar sakini, 1963-cü il təvəllüdlü Etibar Muradovun sürdüyü “Howo” markalı yük maşını qəfil onun qarşısına çıxıb. Nəticədə sərhədçilərin olduğu avtomobildə olan hərbçilər - gizir, 1995-ci il təvəllüdlü Pərviz Qaraşov, baş çavuş, 1998-ci il təvəllüdlü Elmir Abbasov, baş çavuş, 1988-ci il təvəllüdlü Elşən Kərimov, baş çavuş, 1985-ci il təvəllüdlü Bəhruz Nəzərov, gizir, 1992-ci il təvəllüdlü Faiz Mürşüdov, kiçik gizir, 2001-ci il təvəllüdlü Asif Dünyamalıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi müdaxiləyə baxmayaraq baş çavuş Abbasov Elmir Sakit oğlunun həyatını xilas etmək mümkün olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top