“Uşağımın geyimindən, yeməyindən kəsib suya pul verirəm” - Video


Abşeron rayonu Məhəmmədli kənd sakinləri susuzluqdan əziyyət çəkirlər. Kəndə qrafiklə - 3 gündən bir verilən su da gecikmələrlə özünü çatdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Meydan TV-nin ərazidən hazırladığı reportajda bildirilib.
“Su 3 gündən bir verilir. Bilirik ki, sabah su veriləcək. Harasa getmək lazımdırsa da, evdə qalmağa məcbursan. Su gələcək, çənimi doldurub ehtiyacımı ödəməliyəm. Uşaq məktəbə, kişi işə gedirsə, bir gün su olmayanda məcbursan ki, qonşudan gedib istəyəsən. Belə ötüşdürürük. Bir də var ki, güclü gələ, vurub dolduraq, istifadə edək. Hamımız qənaət edirik ki, 3 gün ötüşsün. Su olmasa, həyat yoxdur”- Məhəmmədli kənd sakini Xəyalə Yusubova deyib.
Məhəmmədli camaatı üçün suyu qənaətlə istifadə etmək vərdiş halı alıb. Su ehtiyatları 3 gündən daha tez bitərsə, ya susuz qalacaqlar, ya da əlavə ödənişlə su almalı olacaqlar.
“Elə bil ki, bu çəni 10 manata doldururlar. Evimdə su olmayanda boğazımdan kəsməyə məcbur oluram. Uşağımın geyimindən, yeməyindən kəsirəm, suya pul verirəm”, - Zivər Əliyeva bildirib.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib ki, sözügedən ərazidə mərkəzləşdirilmiş su sistemi yoxdur. Buna görə də kəndlərə su qrafiklə verilir. Gələcək illərdə su anbarlarının tikilməsi planlaşdırılır.
Qeyd edilib ki, “2019-2023-cü il Regionların sosial-iqtisadi inkişafı” dövlət proqramında Abşeron rayonunda qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi göstərilib.

DİGƏR XƏBƏRLƏR

Top