Bu nəqliyyat vasitələri də dövlət qeydiyyatına alınacaq


“Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (birinci oxunuş) konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyat nişanı ilə təmin edilməsi tələbinin müəyyənləşdirilməsi təklif edilir.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında komitənin üzvü Kamal Cəfərov bildirib.

Eyni zamanda təqdim edilən digər dəyişikliyə əsasən nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə onun 10 gün ərzində dövlət qeydiyyatından keçirilərək uçota alınması tələbi də nəzərdə tutulur.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində (birinci oxunuş) isə dayanma və ya durma qaydalarının pozulması ilə bağlı bütün növ inzibati xətalara görə məsuliyyətin foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrdən istifadə edilməklə elektron qaydada tərtib edilən qərarlar əsasında müəyyən edilməsi qaydası təsbit olunub.

DİGƏR XƏBƏRLƏR

Top