Vidadi Muradovun 1 milyondan çox borcu olan oğlunu məhkəməyə verdilər

 
Azərbaycanın aparıcı banklarından olan “Xalq Bank” ASC “Azərxalça” ASC-nin sabiq sədri Vidadi Muradovun oğlu Aydın Muradovu məhkəməyə verib.
Yeniavaz.com
 xəbər verir ki, dekabrın 12-də Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə hazırlıq iclası keçiriləcək.
“Xalq Bank” ASC-nin iddiası kredit müqaviləsi üzrə mübahisələrlə bağlıdır.
Bank Aydın Muradovla bərabər “Azər İlmə” MMC və Muradova Rəhilə Cəbrayıl qızı barəsində də iddia qaldırıb.
Xəbəri rus dilində oxuyun: На сына Видади Мурадова, задолжавшего более 1 млн, подали в суд

Məlumat üçün bildirək ki, “Azər İlmə” MMC Vidadi Murodov tərəfindən 1994-cü ildə təsis olunub. Nizamnamə kapitalı 683 min 616 manat olan MMC-nin hazırda dövlət büdcəsinə 1 milyon 80 min 252 manat 37 qəpik vergi borcu da var.
Qeyd edək ki, tarix elmləri doktoru olan Vidadi Muradov 9 yanvar 2021-ci ildə külli miqdarda mənimsəmə ittihamı ilə həbs olunub. 31 oktyabrda səhhəti ilə əlaqədar həbsdən azad edilib və 5 gün sonra - 4 noyabr 2021-ci ildə xərçəng xəstəliyindən vəfat edib.
Vidadi Muradovun oğlunu məhkəməyə verən “Xalq Bank” ASC 2004-cü ildə təsis olunub. “Xalq Bank” ASC-nin səhmdarları “İdeal Biznes Ko” MMC (50%), “Yevro Standart” MMC (33,85%) və “AMAL İnvest Qrup” MMC olub. “Xalq Bank” ASC-nin hesabatında hər iki şirkətin hüquqi ünvanı kimi “Neftçilər prospekti 153” göstərilir. Bu ünvanda həm də ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq” yerləşir. “Xalq Bank” ASC-nin hesabatında həmçinin qeyd olunur ki, bankın yekun mülkiyyətçiləri Bank üzrə birgə nəzarəti həyata keçirən Leyla Əliyeva və Arzu Əliyevadır.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top