Binəqədi və Xəzər rayon prokurorluqları ilə bağlı yayılan iddialar barədə - Açıqlama


Əvvəllər Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən oğurluq, dələduzluq, vergiləri ödəməkdən yayınma, özbaşınalıq cinayətlərinə görə 2011-ci ildə məhkəmə məsuliyyətinə verilərək uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Böyükağa Abdullayevin “Hürriyyət“ qəzetinin 15 noyabr 2022-ci il tarixli buraxılışında dərc olunmuş, faktların qərəzli surətdə təhrif olunduğu məqaləsində Vüqar Məmmədovun hüquqlarının guya Binəqədi və Xəzər rayonlarının ibtidai araşdırma orqanları tərəfindən pozulması, süründürməçilik hallarına yol verilməsinə dair xüsusatlar tərəfimizdən təkzib edilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Prokurorluq tərəfindən yayılan məlumatda bildirilib.

“Bildiririk ki, vətəndaş Vüsal Əkbərovun 2021-ci ilin aprel-may aylarında Binəqədi rayonu ərazisində Əhəd Hüseynova qarşı dələduzluq edərək onun xeyli miqdarda pul vəsaitini ələ keçirməsi faktına görə Binəqədi RPİ-də Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılıb.

6 iyun 2022-ci il tarixdə Vüsal Əkbərov barəsində olan həmin cinayət işi mahiyyəti üzrə baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilib, hazırda məhkəmə baxışı davam edir.

Həmçinin, Böyükağa Abdullayevin mətbuatda özünü nümayəndəsi kimi təqdim etdiyi Vüqar Məmmədovun 4 min manat pulunun 2021-ci ilin oktyabr ayında Vüsal Əkbərov tərəfindən ələ keçirilməsi barədə ərizəsi Xəzər rayon polis idarəsinin İstintaq şöbəsinə daxil olub.

Vüsal Əkbərovun barəsində Binəqədi RPİ-də olan cinayət işi üzrə istintaq yekunlaşdığından həmin müraciətin vahid icraatda araşdırılması mümkün olmamış və bu səbəbdən ərizə iddia olunan qanunsuz hərəkətin törədildiyi ərazi aidiyyəti nəzərə alınaraq Xəzər RPİ-də araşdırılmaqla, hər iki şəxs arasında mübahisənin mülki xarakterli olduğu qənaətinə gəlinib. Bununla bağlı müvafiq prosessual qərar qəbul edilməklə, tərəflərə məhkəməyə müraciət etmək hüquqları izah olunub.

Eyni zamanda, media nümayəndələrindən ibtidai araşdırma orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan məlumatların dərc olunmazdan əvvəl Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunmaqla, həqiqətə uyğun olmayan, cinayət təqibi orqanlarının və məhkəmələrin qanuni fəaliyyəti nəticəsində məhkum edilmiş şəxslərin qərəzli, böhtan xarakterli və ibtidai araşdırmaya qanunsuz təsir göstərmək məqsədi daşıyan yazıların yayımlanmasının qanunla nəzərdə tutulan məsuliyyətə səbəb olması diqqətə çatdırılır”.

DİGƏR XƏBƏRLƏR

Top