Əfqanıstanda qadınların parklara girişi qadağan edildi - Video


Əfqanıstanın "əxlaq polisi" paytaxt Kabildəki əyləncə parklarının sahiblərinə qadınların bu parklara girməsinə icazə verməməyi əmr edib.

Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, Talibanın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra qadınların əsas hüquqlarına qoyulan məhdudiyyətlər daha da artıb. Bu məhdudiyyətlərdən biri də son günlərdə Talibanın əfqan qadınlarına paytaxtın ictimai parklarına və əyləncə yarmarkalarına girməyi qadağan etməsi olub.
Yeni qaydaya əsasən, artıq qadınlara kişi müşayiəti olmadan səyahət etmək qadağan edilib və evdən çıxanda hicab və ya niqab geyinməyə məcbur ediliblər.
Parka buraxılmadığı üçün uşaqlarının oynadığı yerə restorandan baxmaq məcburiyyətində qalan Vahidə adlı qadın "bezginliyini" belə ifadə edib:
"Məktəb yox, iş yox. Bir az əylənə bilmək üçün harasa getmək imkanımız olmalıdır".
Əfqanıstandakı Əxlaqın Təbliği və Əxlaqsızlığın Qarşısının Alınması Nazirliyi qadınların əyləncə parklarına buraxılmayacağını təsdiqləyib.
Qeyd edək ki, 2021-ci ilin avqustunda Talibanın hakmiyyəti ələ keçirməsindən sonra Əfqanıstanda çoxlu dəyişikliklər olub və əfqan qadınlarının əyləncə parklarına buraxılmaması sonuncu bu qəbil dəyişikliklərdən biridir.
Xatırladaq ki, ölkənin əksər hissəsində qızlar üçün orta məktəblər bir ildən çoxdur ki, bağlanıb.

DİGƏR XƏBƏRLƏR

Top