“Türk qanlı, islam imanlı, Avropa mədəniyyətli”


1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Onun əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 24-də hökumətin qərarı verildi. Həmin qərardan: “Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin”. Bu bayraq ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi.
Daha sonra Azərbaycan bayrağının dəyişməsi məsələsi qaldırıldı. 1918-ci il noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında qərar qəbul edildi.
Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış: Eşidildi: Nazirlər Şurası sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin.
Şair Ziya Göyalp bayrağımızı belə ifadə etmişdi: “Türk qanlı, islam imanlı, Avropa mədəniyyətli”.
7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı Azərbaycan bayrağı parlament binası üzərində qaldırılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlamentini açan M.Ə.Rəsulzadə müstəqil Azərbaycanı təmsil edən milli bayrağımızdakı üç rəngi “türk hürriyyəti, İslam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini (demokratiyasını) ifadə etdiyini xüsusi olaraq qeyd edirdi. O, başqa bir çıxışında isə deyirdi ki, Azərbaycanın Dövlət bayrağındakı bu üç rəng “türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və İslam sivilizasiyasının simvoludur”.
Üzeyir Hacıbəyov milli bayrağın rənglərinin ifadə etdiyi məna və funksiyadan danışaraq yazırdı: “Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik parlament modelinə malik idi və sağlam bir milliyyət fikri və türklük şüuru üzərində qurulmuşdu. Eyni zamanda, Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa zehniyyəti ilə çalışmağa əzm etmişdir. Bayrağımızın üç rəngi bu ümdənin timsalıdır”.
Üzeyir Hacıbəyov Azərbaycan Xalq Cümhuriyyətinin 1 illiyinə həsr olunmuş “Bir yaş” adlı məqaləsində milli bayraqdakı rənglərin mənasına toxunaraq deyirdi: “Mavi rəngi türklüyə, yaşıl rəngi islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur”.
Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Prezident, həmçinin Dövlət Bayrağı Günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib və dəyişikliyə əsasən, Dövlət Bayrağı Günü qeyri-iş günü hesab olunur.
Bu tarixdən etibarən Bayraq Günü Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan azərbaycanlılar arasında daha da təmtəraqla qeyd edilir.
2011-ci ilin noyabr ayının 9-da Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti tərəfindən Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş poçt markası təqdim edilmişdir. Qiyməti 30 qəpik, tirajı isə 100.000 ədəd olan həmin marka Azərbaycanın mininci poçt markası olmuşdur.

Bayrağım

Bayrağımın al rəngi şəhid qanın dəngidir,
Bayrağımın göy rəngi türk elimin cəngidir.
Yaşılımla ayparam Allahıma sevgidir,
Ey Kəbənin örtüyünə bərabər, tay bayrağım!
Qaranlıq zülmətlərə olandır ay bayrağım!
Xudanın izzətindən bizlərə pay bayrağım!

Varlığın varlığımız uğruna min can fəda,
Ölərik, öldürərik, tökülən hər qan fəda,
Parlayan ulduzuna, gör neçə aslan fəda,
Ey Kəbənin örtüyünə bərabər, tay bayrağım!
Qaranlıq zülmətlərə olandır ay bayrağım!
Xudanın izzətindən bizlərə pay bayrağım!

Təhsil eksperti, BSU-nun doktorantı, Zəka Kurslarının direktoru Rafiq Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top