“Tərtər işi” ilə bağlı 11 nəfərin işi prokurorluğa qaytarıldı - Yenilənib


“Tərtər işi” ilə bağlı təqsirləndirilən 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, Gəncə Hərbi Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Vəkil Zabil Qəhrəmanov bildirib ki, məhkəmənin qərarı ilə iş üzrə icraata xitam verilərək, cinayət işi ibtidai istintaqa prosesual nəzarəti həyata keçirən prokurorluğa qaytarılıb.

***08:54
“Tərtər işi” ilə bağlı ittiham olunaraq məhkum edilmiş 11 nəfərin işi yenidən araşdırılmağa başlayır.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, iş üzrə hazırlıq iclası bu günə təyin olunub.
Gəncə Hərbi Məhkəməsində keçiriləcək bugünkü iclasda ilkin dinləmələrin keçiriləcəyi, işin baxışa təyin olunacağı gözlənilir.
Qeyd edilib ki, bir müddət əvvəl Ali Məhkəmənin Plenumunda “Tərtər işi” çərçivəsində həbs edilmiş 18 nəfərin işinə baxılıb.
Plenumda Baş prokurorun ərizəsi təmin olunmaqla məhkum Orucov Rauf Rəşid oğlu və qeyrilərinin, habelə məhkum Rzayev Nicat Qabil oğlu və qeyrilərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) və digər maddələri ilə məhkum edilmələrinə dair yeni açılmış hallarla əlaqədar cinayət işlərinin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilib.
Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə 19 nəfərin hər biri barəsindəki hökmlər ləğv olunub. Onlardan 12 nəfərin işi Gəncə Hərbi Məhkəməsinə, 7 nəfərin işi Tərtər Hərbi Məhkəməsinə qaytarılıb.
12 nəfərə daxil olan məhkum Emil Əliyevin işi ayrıca araşdırılacaq.

DİGƏR XƏBƏRLƏR

Top