Prezidentin vitse-admiral rütbəsi verdiyi Sübhan Bəkirov kimdir? - Dosye


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev kontr-admiral Sübhan Kamal oğlu Bəkirova “vitse-admiral” ali rütbəsinin verilməsi ilə bağlı müvafiq sərəncam imzalayıb.
Yeniavaz.com
Sübhan Bəkirovun dosyesini təqdim edir:
S.Bəkirov 1964-cü il avqustun 4-də Qazax rayonunun Ürkməzli kəndində anadan olub. 1982-1984-cü illərdə Sovet Ordusunun sıralarında hərbi xidmətdə olub. 1993-cü ildən Azərbaycan Ordusunun Qırmızı Bayraqlı Xəzər Hərbi Donanmasının 23 nömrəli hərbi zavodunda müxtəlif vəzifələrdə çalışıb. 1993-cü ildə Azərbaycan-Rusiya birgə hərbi müəssisəsi olan Xəzər hərbi gəmi təmiri zavodunun baş mühəndisi vəzifəsinə təyin olunub.
1997-2013-cü illərdə Müdafiə Nazirliyində və Azərbaycan Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib. 2014-cü ildə müdafiə nazirinin əmrinə əsasən hərbi gəmi təmiri zavodunun baş mühəndisi - zavod rəisinin müavini vəzifəsinə, bir müddət sonra isə zavod rəisi (“N” saylı hərbi hissənin komandiri) vəzifəsinə təyin olunub.
2016-cı ilin iyun ayında müdafiə nazirinin əmrinə əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanının Maddi Texniki Təminat üzrə müavini - Maddi Texniki Təminat Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 20 iyun 2017-ci il tarixli sərəncamına əsasən Sübhan Bəkirov “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Prezidentin 12 mart 2020-ci il tarixli Sərəncamına əsasən isə Sübhan Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı vəzifəsinə təyin olunub. Eyni il iyunun 25-də İlham Əliyevin sərəncamına əsasən “kontr-admiral” ali hərbi rütbəsi verilib.
İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı Dəniz Xüsusi Təyinatlıları tərəfindən Araz boyu istiqamətində 23 kənd, bir sıra yaşayış məntəqəsi və eləcə də, adsız yüksəkliklər daxil olmaqla Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Sübhan Bəkirov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

DİGƏR XƏBƏRLƏR

Top