Ağcabədidə erkən nikaha məcbur edilən qızla bağlı araşdırma aparılır


Gəncədə sığınacaqda yaşayan 19 yaşlı zərərçəkən qız taksi ilə Bakıya yola düşərkən atası müəmmalı şəkildə onu tapıb və zorla Ağcabədiyə geri aparıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gülnarə Mehdiyeva sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, o, 16 yaşında erkən nikaha məcbur edilib. Lakin evlilik həyatı uğursuz olduğundan ailəsinin yanına qayıdıb və 3 il ərzində bütün ailə üzvləri tərəfindən zorakılığa məruz qalıb:
"Son dönəmdə Gəncədəki sığınacağa yerləşdirilib.
Atasının narkotik vasitə aludəçisi olduğu və amansız zorakılıqlar edə biləcəyi deyilir. Hətta qız artıq öldürülmüş ola bilər. Bu barədə 102-yə məlumat verilsə də, hər hansı tədbir hələ ki, görülməyib. Qızı təcili şəkildə atasının əlindən qurtarmaq lazımdır".
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yeniavaz.com-a bildirilib ki, Ağcabədi rayon sakini 2003-cü il təvəllüdlü A.Z.-nın ailə üzvləri tərəfindən fiziki zorakılığa məruz qalması iddiaları ilə bağlı aidiyyəti şəxslər polis şöbəsinə dəvət olunub, onların izahatları alınıb, müvafiq ekspertiza təyin olunub. Hazırda araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top