"Qarabağdakı ermənilərə ayrılan dotasiya Azərbaycanın Naxçıvana ayırdığından 6 dəfə çoxdur"


2023-cü ildə Naxçıvan Muxtar Respublikası (NMR) büdcəsinin gəlirləri 646,4 milyon manat (380 milyon dollar) olacaq ki, onun da 480,9 milyon manatını (283 milyon dollarını) və ya 74,4 faizini Azərbaycan dövlət büdcəsindən NMR-in büdcəsinə dotasiya təşkil edəcək.

Yeniavaz.com xəbər verir ki, u sözləri tanınmış iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu feysbuk hesabında yazıb.
"Qarabağın dağlıq hissəsində maksimum 100 min erməni yaşayır, gələn il Ermənistan büdcəsindən onlara 370 milyon dollar dotasiya, yəni adambaşına 3700 dollar vəsait ayrılması nəzərdə tutulub. Hələ bundan əlavə milyader Ruben Vardanyan da orda özəl fond yaradıb, Hayastan Fondu da orda böyük pullar xərcləyir.
Bu ilin yayına olan məlumata görə, Naxçıvanda siyahı sayı üzrə 463 min 585 nəfər əhali yaşayır, gələn il Azərbaycan büdcəsindən onlara 283 milyon dollar dotasiya, adambaşına 610 dollar vəsait ayrılması nəzərdə tutulub.
Göründüyü kimi gələn il Ermənistanın Qarabağa ayıracağı adambaşına düşən dotasiya məbləği Azərbaycanın Naxçıvana ayıracağı adambaşına düşən dotasiya məbləği ilə müqayisədə 6 dəfədən də çoxdur. Onu da nəzərə alın ki, Naxçıvana gedən pulun çox hissəsi də korrupsionerlər tərəfindən mənimsənilir. Bütün bunlara baxmayaraq belə fikir formalaşdılır ki, guya Azərbaycanda naxçıvanlılar hamıdan yaxşı yaşayır. Əgər doğrudursa onda onlar nədən İqdıra, Ərzuruma, Qarsa çörək qazanmaq üçün miqrasiya edirlər.
Rəsmi məlumatlara görə, Naxçıvanda orta aylıq əmək haqqı 595 manatdır ki, bu da ölkə üzrə orta aylıq əmək haqqının 71,7 faizini təşkil edir. Naxçıvanda işsizlik səviyyəsi də ölkə respublikasının orta göstəricisindən yüksəkdir", - deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top