"Dünyanın mayasında qan var, qanın mayasında eşq" - "Mahmud və Məryəm" filmi


“Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan
Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı?”

Məclislərin birində Gəncə xanı Ziyad xan Füzulinin məşhur qəzəlini muğam üstündə oxuyan xanəndədən ifasını yarımçıq saxlayaraq soruşur:
- Hardansan, bala?
- Qarabağdan.
- Qarabağda nəyin qaldı?
- Atam, anam.
- Sonra nəyin?
- Bacım.
- Yalandan deyirsən, küçük. Ürəyin qaldı. Davam et.
“Mahmud və Məryəm” filmində belə təsirli bir dialoq var. Ziyad xan obrazını Azərbaycanın Xalq artisti Fəxrəddin Manafov canlandırır. F.Manafovun filmdəki hər hərəkəti, sözlərin, cümlələrin arasındakı pauzası, üz cizgilərini obrazın əhvali-ruhiyyəsinə uyğun şəkilləndirməsi onun professionallığından xəbər verir. Sanki xanəndənin təsirli ifası Ziyad xanın üz qırışlarına hopur. Buna görə də xanəndənin yaşadıqlarını onun bir bənd ifasından duyur.
Gəncə xan sarayının yaxınlığında alban kilsəsində bir qız dünyaya gəlir. O, doğularkən anası dünyasını dəyişir. Anası ölməmişdən əvvəl qızına Məryəm ismini verir. Xanımının öldüyünə və dünyaya bir qız övladı gəldiyinə təəssüflənən ata yeni doğulan oğlan uşağının ağlamaq səsini eşidib ordakılardan soruşur: “Bəs o nə səsdir?” Qadın cavab verir: “Xanın oğlu Mahmud doğuldu”.
Mahmud böyük qardaşı Bayandurdan fərqli olaraq taxt-tac, müharibə, qılınc adamı deyildi. Onun fikri-zikri ancaq elm, təhsil, əxlaq və mədəniyyət kimi ali məfhumlarda idi. Sözsüz ki, özündən sonra varisi olmayan Ziyad xan üçün bu heç də ürəkaçan bir hal deyildi. Nə qədər çalışsa da, oğlunun mərhəmət və sevgi dolu qəlbinə zəhm və qəddarlıq sala bilmir, kitab və qələm tutan əlinə isə qılınc və qalxan verə bilmirdi.
Mahmud və Məryəmin taleyi elə əzəldən, onların doğulduğu gündən bağlı idi. Onların ətrafında olan hər şey, hər kəs, hər canlı, hadisə sanki izaholunmaz bir mistika ilə onları bir-birinə bağlayırdı. İlk dəfə rastlaşdıqları gün təbiət ən az onların gələcək sevgisi qədər canlı və hərarətli idi. Günəşin sarımtıl şüası coşqun axan çayda, torpağa boylanan yarpaqlarda əks olunurdu. Qulağına zümzümə gələn Mahmud səsi eşitdiyi tərəfə gedir. Və orda həyatının geri qalan hissəsində görməyi ən çox arzuladığı kəsi görür. Bu Məryəm idi. Onlar dinməz-danışmaz bir-birilərinə baxır, baxışlarının sehrində sanki gələcək talelərini bir-birinə bağlayırdılar.

Amma bu məqamda bu sehri pozan bir nəfər tapılır. Məryəmin atası Baba keşiş qızının qolundan tutub onu Mahmudun yanından aparır.
“Mahmud və Məryəm” Azərbaycanın “Salnamə” və Türkiyənin “24 Kare” şirkətlərinin birgə istehsalı olduğundan filmdə türk aktyor və aktrisalar da yer alıb. Mahmud obrazını türk aktyor Araz Bulud İynəmli, Məryəmi isə qazax əsilli türkiyəli aktrisa Eva Dedova ifa edir.
Məryəmin anası dünyasını dəyişməsinə baxmayaq Baba keşiş tez-tez həyat yoldaşının ruhu ilə söhbətlər edir. Sanki, hər hansı çətinliyə düçar olduqda, çıxılmaz bir yolda olanda həyat yoldaşının ruhu onun yardımına yetişir.
Məryəmin xristian, Mahmudun isə müsəlman olması su tək hər kəsə aydın idi. Məryəmin atası onların eşq yaşamasının günah olduğunu deyirdi. Bunu öz dinlərinə xəyanət adlandırırdı. Ona görə də Baba keşiş qızının Mahmudla bərabər olmasına qəti qarşı idi. Məryəm isə cavabında soruşurdu: “Əgər bu eşq günahdırsa, nə üçün bu sevdanı Tanrı qəlbimə salıb, ata?”
Keşiş Məryəmi Mahmuddan “qorumaq” üçün həyat yoldaşının ruhundan yardım istəyir. Həyat yoldaşı isə ona kilsəyə getməli olduğunu deyir:
“Ora xristiana qocaman bir günəş, müsəlmana qüsursuz bir fırtınadır. Saf olan üçün sərhədsiz bir cənnət bağçası, günahkara cəhənnəm atəşidir. Məryəmin təsəllisi ordadır, əzizim, müqəddəs ixtiyar onun əlindən tutacaq”.
Kilsəyə gedən Məryəmin atası Müqəddəs Atadan yardım istəyir. Müqəddəs Ata isə Baba keşişə cövhər verir və deyir ki, bu, qızı ilə onu bir-birindən 40 addımdan çox aralanmağa qoymayacaq. Baba keşiş yaşadıqları yerdən uzun səfərə çıxmazdan əvvəl bu cövhərdən yuxuda olan qızının boğazına sürtür.
Mənə görə filmin ən təsirli səhnələrindən biri Mahmudun Məryəmin atası ilə birgə buralardan çıxıb getdiyini öyrənəndən sonra Ziyad xan ilə dialoq anıdır. Bu səhnədə də Fəxrəddin Manafovun ustalığı öz sözünü deyir. Ziyad xan əmr edir ki, Bayandur gedib Məryəmi gətirsin. Mahmud isə Məryəmin arxasınca özünün gedəcəyini deyir.
- Sən mənim oğlumsan, yollara düşüb Məcnunmu olacaqsan? Şeytan Adəm ilə Həvvanı yolundan azdırmadımı? Səni nədən azdırmasın?! Tutalım, qılınc tutmağı öyrənmisən. Bəs bunu, bunu bacararsan? (Ziyad xan xəncəri ilə xidmətçilərdən birini öldürür). Günah… Günah eləyə bilərsənmi?
- Əgər bir adam günah iş tutarsa, onun günahları get-gedə onu bürüyəcək. Elələri atəşə layiqdirlər. Və əbədi olaraq odda yanacaqlar (Bəqərə surəsi, 81-ci ayə).

Filmə rəng qatan, onu izləyici üçün daha maraqlı edən nüanslardan biri də istifadə olunan musiqilərdir. “Mahmud və Məryəm”in musiqilərini Türkiyədə film saundtrekləri sahəsində öz sözünü demiş, tanınmış bəstəkar Toyqar Işıklı bəstələyib. Səsləndirilən musiqilərdə Gəncənin yerli əhalisinin həmin dövrdə çəkdiyi iztirabları, ah-nalələri, lap elə Məryəmin həsrətinin səsini də eşitmək olar.
Nəhayət, günlərin birində Mahmud və Məryəm çöllüyün düz ortasında rastlaşırlar. Mahmud atası ilə hündür bir yarğanın üzərindən çəkilmiş etibarsız bir körpüdən keçməkdə olan Məryəmi görüb ona adı ilə səslənir. Məryəm geri çevrilir və onun arxasınca uzun məsafə qət edən Mahmudu görür. Mən deyərdim, o, təkcə Mahmudu yox, dünyadakı ilahi ədaləti, sevgisinə olan ümidlərini, hər şeyə rəğmən onların sevgisinin qarşısında aciz qalan təbiəti, elə Mahmudun özünü də, şübhələrini alt-üst edib onun arxasınca gələn Mahmudu da görürdü.
Mahmuda tərəf parıldayan gözləri ilə qaçan Məryəmin arxasınca ümidsizcə baxan atasının əlindən onları ayırmaq üçün artıq heç nə gəlmir. Keşişin son ümid yeri qızı ilə onun arasında sehrli əlaqəni təmin edən cövhərdir. Bu məqamda filmin ən təsirli səhnələrindən növbətisi yaşanır. Mahmudla Məryəmin qovuşmasını istəməyən ata onları ayırmaq üçün qızına tərəf qaçmır. Əksinə geri-geri addımlamağa başlayır. Acizanə şəkildə qızının Mahmudla qovuşmasını daha bir addım, daha bir saniyə gecikdirmək, yubatmaq istəyir. Məryəm 40 addımdan sonra dizlərini yerə atır. Mahmud ona sarılır. Neçə kilometrlərlə məsafənin ayıra bilmədiyi bu eşq fədailərini 40 addım ayıra bilərdimi?
Rejissor Mehmet Ada Öztəkin filmdə siyasi motivlərə də incə toxunuşlar edib. Hadisələrin dövr etdiyi tarixdə Azərbaycanın daxilindəki qarışıq vəziyyət, taxt-tac uğrunda ayaq açıb yeriyən satqınlıqlar, Osmanlı imperiyası ilə münasibətlər, - bütün bunlar filmin əsas sujet xəttinin yanında kölgədə qalsa da, izləyicini zaman-zaman düşündürməyi bacarır.
Filmin sonuna yaxınlaşdıqca insanda belə bir təəssürat yaranır ki, sanki final gözləniləndən daha aşağıdır. Amma bir az səbrli izləyicilər filmin davamında möhtəşəm bir finalla qarşı-qarşıya qalırlar. Final səhnəsi nə qədər ecazkar olsa da, bir o qədər qarışıqdır. Bu qarışıqlıqdan aydınlığa çıxmaq üçün isə filmin lap əvvəllərinə qayıtmaq lazımdır.
Uzun müddətdir övladı olmayan Ziyad xanı artıq xanlıq varisinin olmamağı qorxusu bürümüşdü. Filmin bütün sehri, möcüzəsi də elə bu anda başlayır. Saraya gələn qısır qarı xanım Qəmərbanunu dilsiz və qurdun yanına aparır. Filmin girişində bu səhnələrə baxdıqda hər hansı anlam yükləmək olmur, amma … Dilsiz qurdun duyduqlarını, hiss etdiklərini qarıya deyir. Onun dediklərinə əməl edən Qəmərbanu 9 il 9 ay sonra Mahmudu dünyaya gətirir.

Elə bu səbəbdəndir ki, Ziyad xan Məryəmin arxasınca gedən Mahmudun izi ilə qısır qarını göndərir. “Eşq zillətinin dərmanı elə eşqin özüdür. Özünü üzmə. Onu bizə verən geri də gətirəcək”, - Ziyad xan həyat yoldaşına qısır qarını Mahmudun arxasınca göndərəcəyini deyir.
Məsələni daha da qəlizləşdirmədən hadisələrdəki ipucuları birləşdirib düyünü açmağa davam edək. Növbəti dəfə həyat yoldaşının sözünə qulaq asaraq Məryəmi müqəddəs evə aparan keşiş burada gördüklərinə inana bilmir. Kilsə dağıdılmış, tərk edilmiş, baxımsız və kimsəsiz bir haldadır. O kilsədən keşişə qalan yeganə şey qızı üçün gəlinlik olur.
Qısır qarı, qurd, dilsiz, gəlinlik… İnsanın ağlında suallar yaranır? Axı bunların bir-biri ilə nə əlaqəsi var? Nədir bunları bir-birinə birləşdirən?

Mahmud və Məryəmin eşqinin qarşısını heç nə kəsə bilmir. Təkcə bir şey onları bu dünyada bir-birindən ayırır: əbədi eşq. Onların əbədi eşqi Mahmud və Məryəmi sonu olan bu dünyada yaşamağa qoymur. Bir enerji, bir sehr, bir möcüzə, buna hər nə ad vermək olarsa, Məryəmin qızılı gəlinliyində peyda olur və onu öz ağuşuna alır. Bu əbədi eşqin ilk işartıları idi. Mahmud qorxur, Məryəmi ondan alan hər nədirsə, ondan qorxur. Və Məryəmi onun əllərindən xilas etmək adına bu işartını öz bədəninə, öz əllərinə çəkir. Və budur, əbədi eşqin ilk işartıları artıq alova çevrilir. Mahmud qollarında əbədi eşqi qalayır, alovlandırır. Bu alov qurdun baxışlarında əks olunan həmin alov idi. Mahmud elə hardan gəlmişdisə, ora da geri qayıtdı. Məryəm özünü əbədi eşqin atəşində alovlanan Mahmudun qollarına atır. Bəlkə də, sonsuz sevginin sirri əbədi eşqin alovlarında kül olmaqdadır. Bu, cismani olaraq onların yox olması idisə, ruhani olaraq bir-birlərinə çevrilməsi, sonsuz səmada qovuşması idi. Mahmud və Məryəm əbədi eşqin alovlarında əbədiyyətə qovuşur.

“Dünyanın mayasında qan var, qanın mayasında eşq, hər yaxşılıqda bir pislik, hər pislikdə bir yaxşılıq gizlənir”.

Əliş Abdulla

DİGƏR XƏBƏRLƏR

Top