"Çingizə inanıram, bir qəpiyə də söz ola bilməz" - Anar


Xalq yazıçısı Anar Rzayev yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçildikdən sonra ilk müsahibəsini verib.
Yeniavaz.com
Teleqraf.com-a istinadən xəbər verir ki, Anar müsahibədə Xalq yazıçısı Çingiz Abdullayev və jurnalist arasında yaşanan, ölkədə gündəmə çevrilən dialoqa da münasibət bildirib.
Müsahibənin sözügedən hissəsini təqdim edirik:

Qurultayın nəticələrinin doğurduğu rezonans baxımından bir məsələ də diqqət çəkdi. AYB-nin katibi Çingiz Abdullayevlə jurnalist arasında problem yaşandı. Bir qism jurnalisti, digər qism isə katibi günahlandırdı. Jurnalisti sualı düzgün verməməkdə, katibi isə suala təmkinli və arqumentli cavab verməməkdə suçladılar. Sizin bu məsələyə münasibətinizi bilmək istərdik.
- Əlbəttə, heç bir jurnalisti, ümumiyyətlə, heç kim heç kimi təhqir etməli deyil və elə sözlər deməməlidir. Amma bizdə qəribə bir hal var ki, jurnalist yazıçıları, ağsaqqalları təhqir edə bilər, onlar haqqında yalan, böhtan yaza, haqqında ən pis sözləri işlədə bilər, amma o adam gözün üstə qaşın var deyirsə, deməli, jurnalistlərə təhqirdir. Niyə?! Niyə jurnalist Fikrət Qoca sağ ola-ola yaza bilər ki, "Hələ Fikrət Qoca ölməyib?" və heç kəs buna etiraz etmir.
Həmin şəxs jurnalist deyil, yazıçıdır.
- Lap yazıçı olsun. Fikrət Qoca böyük şair idi, ürək əməliyyatı keçirmişdi, oğlunu, qardaşını itirmişdi. Belə bir vaxtda yaşlı adama “Fikrət Qoca hələ ölməyib” demək etikadır?! Jurnalistikadır? Xeyr. Biz bunu deyəndə deyirlər ki, niyə bizi təhqir edirsiniz?!
Mənim haqqımda nələr yazmayıblar. Elə deyirsiniz, Çingiz filan sözü deyib. Düzü, mən dəqiq bilmirəm, hansı ifadəni işlədib.
Jurnalistin qurultayın keçirilməsi üçün ayrılan 203 min manat vəsaitin hara xərclənməsi haqda sualına Çingiz Abdullayev “Utanmırsan, ölmürsən, bu sualı mənə verirsən” deyə cavab vermişdi.
- Nahaq elə deyib, gərək elə deməyərdi. Mənim haqqımda da yazırlar ki, “Anar nə vaxt öləcək?” Onlara nə deyim? Deyim ki, yaxşı edirsiniz? Gərək jurnalistin də mərifəti, tərbiyəsi olsun. Jurnalist olanda nə olar!? Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə də jurnalist olub. Jurnalistikamızın böyük ənənələri var. Nəcəf Nəcəfov kimi namuslu jurnalistimizi yada salaq. Jurnalistlər arasında çoxlu dostlarım var, amma bu o demək deyil ki, jurnalist olduğuna görə "babam mənə kor deyib, gəlib gedəni vur" deyib prinsipiylə hərəkət etməlisən.
Anar müəllim, hər halda, həmin jurnalistin sualını biz də veririk: qurultaya ayrılmış 203 min manat necə xərcləndi?
- Mən maliyyə məsələlərinə qarışmıram, onunla əsasən Çingiz Abdullayev məşğul olur. Çingizlə 34 ildir işləyirik, ona inanıram, bir qəpiyə də söz ola bilməz. Çingizin nə ehtiyacı var?! O, hamıdan da dövlətli yazıçıdır. Suala baxın, deyir ki, 203 min hara xərclənib? Qurultaya maliyyəni Prezident Administrasiyası ayırıb, biz də onun qəpiyinə qədər hesabatını verəcəyik. Ölkəmizə xarici qonaqlar gəldi, beş-altı ölkədən gələn qonaqların biletlərinin, otel xərclərini hesablayın. Rayonlarımızdan gələn yazıçıların yol pulları verildi. Sual verən deyir ki, xərclənən pulun nəticəsi zalda görünmür. Zalda necə görünə bilər? Zalda qəlyanaltı, qəhvə və çay təqdim edildi. Şampan, şərab da qoyardıq, qara kürü də verərdik? O zaman görünəcəkdi ki, pulu hara xərcləmişik?! Ona görə məntiqsiz suallar adamı çilədən çıxarır, əsəbləşdirir. Əsəbləşəndə də Çingiz kimi bir az köntöy cavab verirsən.

DİGƏR XƏBƏRLƏR

Top