DTX-nin haqqında məlumat yaydığı şəxs israilli milyarderi öldürməyə çalışıb... - Təfərrüat


Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunması, onların maliyyələşdirilməsi və fəaliyyətlərinin istiqamətləndirilməsi, Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlanılması halları ilə bağlı qurum tərəfindən kompleks araşdırma tədbirlərinin həyata keçirilməsi barədə məlumat yayıb. Bildirilib ki, qruplaşma üzvlərini hərbi təlimlərə cəlb edənlərdən biri olan Əsədov Orxan Fərman oğlu üçüncü ölkə ərazisində terror aktına cəhd edərkən həbs olunub.
Yeniavaz.com
xəbər verir ki, dünya mətbuatında Orxan Əsədovun sözügedən üçüncü ölkə ərazisində törətdiyi cinayət əməli barədə daha əvvəl məlumat dərc olunub.
Belə ki, 2021-ci ilin sentyabrında Kiprin kəşfiyyat orqanları milyarder Teddi Saqi də daxil olmaqla, israilli iş adamlarına sui-qəsd etmək üçün bu ölkəyə göndərilmiş, Rusiya pasportuna sahib 38 yaşlı azərbaycanlı Orxan Əsədovu həbs edib. Sonradan onun bir neçə şəriki də saxlanılıb.
Daha sonra İsrail hökuməti, o cümlədən müdafiə naziri Benni Qantz bildirib ki, İran kəşfiyyat orqanlarının (Orxan Əsədovun təmsil etdiyi) Kiprdə israilli iş adamlarına qarşı planlaşdırdığı terror aktının qarşısı İsrail kəşfiyyat orqanları tərəfindən alınıb.
İsrail mediası Orxan Əsədovun Rusiyada İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini və “Mossad”ın (kəşfiyyat və xüsusi təyinatlı əməliyyatlar həyata keçirən İsrail xüsusi xidmət orqanı) bir müddət onu izlədiyini yazıb. Qeyd olunur ki, Əsədov xüsusi olaraq İsrail kəşfiyyatının verdiyi məlumatlar əsasında həbs edilib.

DİGƏR XƏBƏRLƏR

Top