Misir Türkiyə ilə normallaşma danışıqlarını dayandırdı – Səbəb açıqlandı


Türkiyənin əlaqələri yaxşılaşdırmaq üçün addımlar atdığı Misirdən Türkiyənin Liviya ilə imzaladığı enerji müqaviləsinə sərt reaksiya gəlib.
Yeniavaz.com
xəbər verir ki, Türkiyə ilə Liviya arasında bu ayın əvvəlində imzalanan karbohidrogenlər sahəsində anlaşma memorandumu Yunanıstan və Misirin böyük reaksiyasına səbəb olub.
Qahirədə bir araya gələn Misir və Yunanıstanın xarici işlər nazirləri Türkiyəyə qarşı sərt açıqlamalar veriblər.
 Yunanıstanın xarici işlər naziri Nikos Dendias Türkiyənin Liviya ilə imzaladığı müqavilənin “qanunsuz” olduğunu və buna qarşı hər cür hüquqi vasitəyə əl atacaqlarını bildirib.
Misirli naziri Semih Şükri isə Liviyada iki ayrı administrasiya olduğuna diqqət çəkərək Tripoli hökumətinin belə bir müqavilə imzalamaq səlahiyyətinin olmadığını müdafiə edib. O ölkəsinin Liviya siyasətlərinə görə Türkiyə ilə təmaslarını dayandırdığını açıqlayıb.
“Əl-Ərəbiyyə” telekanalına danışan Şükri Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün keçən il başlayan danışıqların iki seansdan sonra “Türkiyənin Liviyada atdığı addımlara görə” başa çatdığını bildirib.
Qeyd olunub ki, iki ölkə arasında aparılan danışıqlarda irəliləyiş əldə olunsa da, diplomatik münasibətlərin yenidən normallaşması və qarşılıqlı səfir təyinatı ilə bağlı qərar qəbul oluna bilməyib.
Qeyd edək ki, iki ayrı hökumətin olduğu Liviyada Türkiyə və Misir rəqib hökumətləri dəstəkləyir.
Şərqi Aralıq dənizində enerji qaynaqları mübahisəsində Türkiyə ilə müxalif olan Misir 2020-ci ildə Yunanıstanla “dəniz yurisdiksiyası ərazilərinin delimitasiyası” müqaviləsi imzalayıb.

DİGƏR XƏBƏRLƏR

Top