MDU beynəlxalq təşkilatın İdarə Heyətində təmsil olunacaq - Foto


Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov İrlandiyanın paytaxtı Dublin şəhərində Beynəlxalq Universitetlər Assosiasiyasının (IAU) 16-cı Baş Konfransında iştirak edib.
Yeniavaz.com
xəbər verir ki, Dublin Universitet Kollecinin (UCD) evsahibliyi etdiyi Konfrans “Universitetlərin gələcək cəmiyyətə uyğunluğu və əhəmiyyəti” mövzusuna həsr olunub. Konfransa 100-ə yaxın ölkədən 300-dən artıq universitet rektoru, ali təhsil üzrə ixtisaslaşan beynəlxalq və regional təşkilatların rəhbərləri qatılıb.
Konfransın açılışında IAU Prezidenti Pam Fredman, İrlandiyanın ali təhsil naziri Simon Harris, UCD Prezidenti səlahiyyətlərini icra edən Mark Rogers və UNESCO-nun Baş Direktorunun təhsil üzrə köməkçisi Stefania Giannini çıxış ediblər.
MDU-nun rektoru Ş. Bayramov konfrans çərçivəsində keçirilən “Ali təhsilin transformativ gücü” (The Transformative Power of Higher Education), “Bir-birinə bağlı gələcək üçün bilik sistemlərinin açılması” (Unlocking Knowledge Systems for an Interconnected Future), “Sabahın dünyası üçün öyrətmək və öyrənmək” (Teaching and Learning for Tomorrow's World) və “Qarşılıqlı bağlılıq və qlobal kontekstdə ali təhsilin gələcəyi” (The Future of Higher Education in an Interconnected and Global Context) adlı bölmə iclaslarında müzakirələrdə fəal iştirak edib. Bölmə iclaslarında post-pandemiya dövründə ali təhsil, rəqəmsallaşma, beynəlmiləlləşmə, davamlı inkişaf məqsədləri və universitetlərin davamlı inkişafda artan rolu, elmin açıqlığı, universtetlərin təhsil, tədqiqat və cəmiyyətə xidmət missiyasına yeni baxış, lokal və qlobal çağırışların balanslı şəkildə nəzərə alınması və universitet dəyərləri barədə müzakirələr aparılıb. Müzakirələr zamanı universitetlərarası əməkdaşlıq və rəqabət, ali təhsildə müxtəliflik, akademik azadlıq, universitetlərin muxtariyyəti, elm, texnologiya və innovasiya arasında qarşılıqlı bağlılıq və təsir, kurrikulumun davamlı təkmilləşdirilməsi, bilik, bacarıq və səriştə arasında qarşılıqlı bağlılıq, təhsildə sosial ədalət və hamı üçün bərabər imkanlar, gələcəyin vətəndaşının hazırlanmasında ali təhsilin əvəzolunmaz rolu və ali təhsildə qazanılan müsbət təcrübənin bölüşdürülməsi məsələlərinin önəmi vurğulanıb.
Tədbir çərçivəsində Ş.Bayramov müvafiq universitetlərin rektorları ilə çoxsaylı ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı rektor MDU-nun strateji hədəfləri, yeni dövrün universitetinə çevrilmə yolunda atılan addımlar barədə ətraflı məlumat verib, IAU çərçivəsində universitetlərarası əməkdaşlıqdan gözləntilərini diqqətə çatdırıb.
Bundan əlavə, 16-cı Baş Konfrans çərçivəsində İAU-nun əvvəlki dövr üçün hesabatı, 2022-2030-cu illər üzrə Strategiyası və 2022-2026-cı illər üzrə Büdcəsi müzakirə və təsdiq edilib. Həmçinin, "Qlobal ümumi rifah naminə ali təhsil müəssisələrinin rəqəmsal dünyada transformasiyası" adlı IAU-nun Qətnaməsi qəbul olunub.
Konfrans 2022-2026-cı illər üçün IAU Prezidentinin və İdarə Heyəti üzvlərinin seçilməsilə öz işinə yekun vurub. MDU-nun rektoru Ş.Bayramov IAU İdarə Heyətinə üzv seçilib.
Məlumat üçün bildirək ki, IAU İdarə Heyəti təşkilatın əsas idarəedici qurumudur və üzvləri dörd il müddətinə seçilir.
Qeyd edək ki, MDU cari ildən IAU-nun üzvüdür.



Esmira Hidayətova, Mingəçevir.
 

DİGƏR XƏBƏRLƏR

Top