Şuşalı şəhid Əzəmi Hüseynov haqqında filmin təqdimatı olub


Torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə fədakarlıqla vuruşaraq şəhidlik zirvəsinə ucalan, əslən Şuşadan olan Əzəmi Hüseynov haqqında sənədli filmin çəkilişi başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, “Yalnız irəli - 3” adlı sənədli film onun ali təhsil aldığı Mingəçevir Dövlət Universitetinin akt zalında təqdim olunub.
Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti hesabına filmi Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin sədri Tahirə Məmmədovanın rəhbərliyi ilə birliyin yaradıcı heyəti hazırlayıb.
Filmin müəllifi çıxış edərək çəkilişdə ona dəstək olan ictimai birliklərə və yaradıcı qruplara minnətdarlığını ifadə edərək, öz yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat verib.
Tədbirdə Əzəmi Hüseynovun ali təhsil aldığı Mingəçevir Dövlət Universitetinin kafedra müdiri, dosent Esmira Cəfərova filmin çəkilişində yaradıcılıq nümunəsi göstərən Tahirə Məmmədovaya universitetlə daimi əlaqə saxladığına görə təşəkkürünü bildirib və tədbirə dəvət olunan qonaqları universitet rəhbərliyi adından salamlayıb.
Tədbirdə şəhər İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Sahib Əliyev, “Təzadlar” qəzeti baş redaktorunun müavini Mərzili Məmmədli, şəhid Əzəmi Hüseynovun bacıları, döyüş dostları çıxış edərək yaradıcı heyətə minnətdarlıqlarını ifadə ediblər.
Sonda filmin nümayişi baş tutub.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top