"Putin Azərbaycanı təhdid edir"


Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin ötən gün – oktyabrın 27-də "Valday" klubunun sessiyasında Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi ilə bağlı danışıb.
Yeniavaz.com
xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Putinin dediklərini şərh edib və Rusiya prezidentinin Azərbaycana mesaj göndərdiyini bildirib.

“Putin demək istəyir ki, bizim (Rusiyanın) yanaşmamız fərqlidir və ya tərəflərin davranışından (Rusiyaya münasibətindən) asılı olaraq fərqli ola bilər. İndi gəlin görək, bu açıqlamada daha çox hansı tərəfin ünvanına təhdid var: Azərbaycanın yoxsa Ermənistanın?
44 günlük müharibədən sonra Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyü məsələsini nəinki mübahisə etmir, əksər hallarda Qarabağ sözünü belə işlətmir. Bu da müharibənin nəticəsində yaranmış yeni hərbi-siyasi reallıqdan qaynaqlanır. Eyni mövqeni Brüssel formatında aparılan danışıqlarda Avropa Birliyi rəsmiləri də nümayiş etdirirlər.
Konkret olaraq Şarl Mişelin son Əliyev-Paşinyan danışıqları ilə bağlı açıqlamasında Qarabağın adı ümumiyyətlə çəkilməmişdi. Vaşinqton da dövlət katibi Entoni Blinkenin dili ilə bildirdi ki, ABŞ Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında Brüsselin rolunu və mövqeyini dəstəkləyir. Əslində Putin də elə bunu təsdiq edir.
Əgər belədirsə, o zaman Azərbaycan mediası tərəfindən Putinin açıqlaması nədən Ermənistanın ünvanına təhdid kimi təqdim olunur? Ermənistan mövcud reallıqla barışıbsa, Brüssel və Vaşinqton da bunu qəbul edirsə, o zaman Moskva nə demək istəyir? Ayrı hansı varint var və o, nədən ibarət ola bilər?
Putin demək istəyir ki, Qarabağa nəzarət bizim əlimizdədir və yuxarıda qeyd olunduğu kimi, onu kimə ötürmək qərarını da biz verəcəyik. Bu isə tərəflərin davranışından asılı olacaq. O zaman sual meydana çıxır ki, təhdid kimin ünvanınadır: Qarabağın müzakirə predmeti olmaması ilə razılaşmış İrəvanın yoxsa onu birmənalı olaraq öz ərazisi hesab edən Bakının?
Əlbəttə ki, Azərbaycanın, çünki Putin bununla Bakının diqtə etdiyi və İrəvanın, Brüsselin, Vaşinqtonun da qəbul etdiyi formata alternativ təklif edir. Mesaj ilk növbədə Paşinyana qarşı olan ermənilərə və eyni zamanda da Azərbaycanadır, alternativ kimi sətiraltı təqdim olunan variant isə Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınmasıdır. Çünki üçüncü variant yoxdur”, - deyə Ə. Oruclu özünün feysbuk səhifəsində yazıb.
Xatırladaq ki, V. Putin ötən gün etdiyi çıxışda Qarabağla bağlı bunları deyib:
“Sülh müqaviləsi əlbəttə ki, lazımdır. Bizim mövqeyimiz sülh nizamlanmasını dəstəkləməkdən ibarətdir. Hansı varinatın seçilməsi isə Ermənistanın, erməni xalqının və Ermənistan rəhbərliyinin işidir. Bütün hallarda, hansı variant seçilsə, əgər sülhə gətirib çıxaracaqsa, biz ancaq bunu dəstəkləyirik. Başa düşdüyüm qədər bu “Vaşinqton planı”dır. Hansı ki, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını özündə əks etdirir. O zaman buyursunlar”.

DİGƏR XƏBƏRLƏR

Top