Rəşad Məciddən daha bir açıqlama - Yenilənib


Dünən Çingiz Abdullayevin AYB-nin Qurultayında jurnalistə verdiyi sərt cavabı müdafiə edərkən dediyi sözlərə görə tənqid edilən Rəşad Məcid daha bir açıqlama yayıb.
Yeniavaz.com
xəbər verir ki, o, baş verənlərə görə bəzi sayt əməkdaşlarını ittiham edib:

“Mənim statusum Baku.tv-nin məşhur sualı ilə bağlı deyil. Mən Günel Musanın (jurnalist – red.) gecə yarısı yazdığı suala qurultaydakı bəzi sayt əməkdaşlarının davranışına münasibət bildirib dostyana, qısa cavab yazmışam  ki, səhər geniş münasibət bildirəcəyəm. Heç onu xəbərə çevirəcəyini də düşünməmişəm. Burda Günelin və “bakupost.az”ın davranışını da etik saymıram. Səhər isə geniş münasibətimi bildirmişəm. Bu status “Abzas.net” adlı saytın əməkdaşının davranışına münasibətdir. Qurultayda da saytın Şəmistan adlı əməkdaşına qəzəbli etirazımı bildirmişəm. Çingiz Abdullayev verilən sualı isə mənə də vermişdilər, sakit cavablandırmışam”.


***10:52

“Yazıçılar Birliyinin qurultayında bəzi “jurnalistlər”in hərəkətlərini görəndən sonra bir daha əmin oldum ki, mətbuatımızın saflaşmasına ciddi ehtiyac var”.
Yeniavaz.com
xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.
R.Məcid jurnalistlərin yaşlı yazıçılarla, alimlərlə kobud davrandığını bildirib:
“Heç bir ədəb-ərkan gözləmədən, bütün etik qaydaları tapdalayaraq yaşlı yazıçılarla, alimlərlə kobud davranan, mikrofonu müsahibinin ağzına dürtən,  əndazə gözləmədən, qarışıqlıqdan və tünlükdən faydalanıb, müsahibini hövsələdən çıxarıb zorla istədiyi cavabı qoparmağa çalışan, qalmaqal təşnəsi bu “jurnalistlər”in hərəkətinə heyrətlənməmək mümkünsüz idi.
Bəzi özünü media adlandıran, “gözəgörünməz” sayt idarəçilərinin “sensasiya” yaratmaq naminə gəncləri əllərində oyuncağa - robota çevirməsini müşahidə eləmək də məyusluq doğururdu.
Amma orda kübar, özünü-sözünü bilən, müsahibə almaq üçün icazə istəyən, sərt sualları da mədəni şəkildə ünvanlayan peşəkarlar da vardı. Jurnalistikamız belə peşəkarlara söykənib inkişaf edə bilər.
“Babam mənə kor deyib, gəlib gedəni vur deyib” əxlaqını peşə prinsipi kimi qəbul edənlərlə yalnız xaosa yuvarlanmaq olar. İctimaiyyətin qınağı, peşəkar jurnalistlərin dəstəyi və “Media haqqında” qanunun tələbləriylə bu qarışıqlığa son qoyulmasının mümkün olacağına inanıram”.
Qeyd edək ki, ötən gün keçirilən Yazıçılar Birliyinin Qurultayında gərgin anlar yaşanıb. Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev qurultay üçün ayrılan 203 min manatla bağlı ünvanlanan suala sərt şəkildə cavab verib. Ç.Abdullayevin jurnalistə bu şəkildə cavab verməsi sosial şəbəkələrdə müzakirələrə və tənqidlərə səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top