AMEA-nın yeni prezidenti İsa Həbibbəylinin - Maraqlı dosyesi


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib. Ümumi yığıncaqda keçirilən səsvermə nəticəsində akademik İsa Həbibbəyli AMEA-nın yeni prezidenti seçilib.
Yeniavaz.com
İsa Həbibbəylinin dosyesini təqdim edir:
İsa Həbibbəyli 16 oktyabr 1949-cu ildə Şərur rayonunun Dan Yeri kəndində anadan olub.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1971-ci ildən Şərur rayonunda kənd orta məktəbində müəllim işləyib.
1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor, 1996-cı ildən 2013-cü ilə qədər isə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifələrində çalışıb. 2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini icra etməyə başlayıb. Həmçinin eyni ildən Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktorudur. Bundan əlavə 2018-ci ildən Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin müavinidir.
İ.Həbibbəylinin siyasi fəaliyyəti də mövcuddur. 1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci və ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub. III, IV və V çağırış Azərbaycan Milli Məclisinin millət vəkili olub. Hazırda da VI çağırış Azərbaycan Milli Məclisinin deputatıdır.
Filologiya elmləri doktoru, professordur. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Əməkdar elm xadimidir.
Professor 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2003-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilib. Bununla yanaşı 2001-ci ildən Nyu-York Elmlər Akademiyasının da həqiqi üzvüdür.
89 kitabın, 1428 məqalənin, 212 xaricdə çap olunmuş elmi məqalənin müəllifidir.
İ.Həbibbəylinin övladları da müxtəlif dövlət orqanlarında yüksək vəzifələrdə çalışır.
Onun oğlu Ərəstü Həbibbəyli 9 iyul 2018-ci ildən Azərbaycan Respublikasının Baş Nazirinin Katibliyinin rəisi vəzifəsində çalışır. Ə.Həbibbəylinin qardaşı Səhət Həbibbəyli isə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general mayorudur.

DİGƏR XƏBƏRLƏR

Top