Rüşvətə görə işdən çıxarılan direktora yeni vəzifə verilib? - Yenilənib


Abşeron-Xızı Regional Təhsil İdarəsindən (AXRTİ) "Qafqazinfo"ya bildirilib ki, işdən azad olunmuş direktora başqa vəzifə verilməyib.

Yeniavaz.com xəbər verir ki, ​​​​​​bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

"Bildiririk ki, sosial şəbəkələrdə səs yazısı yayılmış İbrahimova Esmira Famil qızının məktəb direktoru vəzifəsindən azad edilərək, Abşeron-Xızı Regional Təhsil İdarəsinə metodist vəzifəsinə təyin edilməsi haqqında deyilənlər həqiqəti əks etdirmir. Belə ki, adı çəkilən şəxs 2012-ci ildən keçmiş Sumqayıt şəhər Təhsil Şöbəsində Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodist vəzifəsində çalışır. Həmçinin E.İbrahimova bir neçə il öncə vakant olan Sumqayıt şəhəri H.Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivində yerləşən 32 nömrəli tam orta məktəbə Sumqayıt şəhər təhsil şöbəsi tərəfindən  müvəqqəti direktor əvəzi vəzifəsinə təyin edilmişdir. Bu müddət ərzində həmin məktəbin direktor vəzifəsi müntəzəm olaraq Direktorların işə qəbulu müsabiqəsinə vakant yer kimi elan edilmiş, lakin vəzifə tutulmadığından E.İbrahimova direktor səlahiyyətlərinin müvəqqəti icrasını davam etdirmişdir. 

Cari ilin sentyabr ayında məlum səs yazısı aşkara çıxdıqdan sonra Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırılmış və 19.09.2022-ci il tarixli K-239 nömrəli əmrlə direktor vəzifəsinin həvaləsi E.İbrahimovadan götürülmüşdür. Eləcə də məsələ ilə əlaqədar şəhər Prokurorluğunda araşdırma başlanılmışdır. Araşdırmanın nəticəsinə əsasən, E.İbrahimova barəsində müvafiq tədbir görüləcəkdir".

Xatırladaq ki, bir müddət əvvəl Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru İbrahimova Esmira Famil qızı müəllimlər üçün yaratdığı vatsap qrupuna və ayrı-ayrı müəllimlərə səs ataraq hər müəllimdən 50 manat tələb etmişdi Orta məktəbin təmiri bəhanəsi pul tələb edən direktor səs yazısında, həmçinin müəllimləri əməkhaqlarından pul tutulacağı ilə hədələmişdi. Səs yazısı yayılandan sonra məsələ ilə bağlı araşdırmalar aparılmış və direktor vəzifəsindən azad edilmişdi. Eyni zamanda faktla bağlı Baş Prokurorluqda da araşdırma başlanmışdı.


***11:25
Müəllimlərdən rüşvət tələb etdiyi üçün vəzifəsindən azad edilən Sumqayıt şəhər 32 saylı orta məktəbin sabiq direktoru başqa vəzifədə çalışır.
Yeniavaz.com
Trend-ə istinadən xəbər verir ki, sabiq direktor Esmira İbrahimova Sumqayıt şəhər üzrə təhsil şöbəsində metodist vəzifəsində işləyir.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən (AXRTİ) bildirilib ki, Esmira İbrahimova 8 may 2012-ci ildən Sumqayıt şəhər Təhsil Şöbəsində metodist vəzifəsində çalışır. Məktəb direktorluğu fəaliyyətində və işində yol verdiyi nöqsanlara və xətalara görə tutduğu vəzifədən azad edilib. Hal-hazırda AXRTİ-də metodist vəzifəsində çalışmaqdadır.
Xatırladaq ki, bir müddət əvvəl Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru İbrahimova Esmira Famil qızı müəllimlər üçün yaratdığı “WhatsApp” qrupuna və ayrı-ayrı müəllimlərə səs ataraq hər müəllimdən 50 manat tələb edib. Orta məktəbin təmiri bəhanəsi pul tələb edən direktor səs yazısında həmçinin müəllimləri əmək haqlarından da pul tutulacağı ilə də hədələyib.Səs yazısı yayılandan sonra məsələ ilə bağlı araşdırmalar aparılıb və direktor vəzifəsindən azad edilib.

DİGƏR XƏBƏRLƏR

Top