Naxçıvanlılar sadəcə onlar üçün Türkiyə sərhədinin açıldığını iddia edirlər - DSX-dən açıqlama


“Naxçıvan qeydiyyatında olanlar üçün Türkiyə ilə quru sərhədi açılıb”.

Bu barədə Yeniavaz.com-a adını açıqlamaq istəməyən Naxçıvan Muxtar Respublikası sakini məlumat verib.
O iddia edib ki, Naxçıvan qeydiyyatı olmayan şəxslər heç bir halda sərhəddən buraxılmır.
“Naxçıvan qeydiyyatında olanlar isə özləri ilə 50 kiloqram təsərrüfat mal aparmalıdır. Bu göyərti də ola bilər, xiyar da, pomidor da. Və ya hər hansı bostan məhsulu”.
Digər bir sakin isə iddia edir ki, Türkiyə gömrüyündə sadəcə 10 kq bu tipli yükə icazə verilir:
“40 kilosu qalır gömrükdə”.
Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinin informasiya vasitələri ilə iş şöbəsinin rəisi, polkovnik-leytenant Aftandil Abbasov Yeniavaz.com-un sorğusunu cavablandırıb.
O bildirib ki, iddialar həqiqəti əks etdirmir.
“Dövlət Sərhəd Xidməti pandemiya qərarlarına müvafiq müvəqqəti olaraq quru sərhədlərindən buraxılışları dayandırıb”.
Qeyd edək ki, daha əvvəl Dövlət Sərhəd Xidməti Azərbaycan-Türkiyə sərhədinin iyulun 1-dən bağlanması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatı təsdiqləyib.
Quru sərhədin sentyabrın 1-ə kimi bağlı qalacağı bildirilsə də, bu tarixdən sonra yenidən açılması ilə bağlı heç bir rəsmi qərar verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top