ABŞ türkiyəli deputatı yalanladı: "Bizdə belə qanun yoxdur"


Xəbər verdiyimiz kimi, Türkiyədə “dezinformasiya ilə mübarizə” məqsədi ilə hazırlandığı bildirilən qanun layihəsi TBMM-dən (Türkiyə Böyük Millət Məclisi) keçərək qanuna çevrilib.
Yenivaz.com
xəbər verir ki, Dezinformasiya Qanunu ilə bağlı parlamentdə çıxış edən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Kahramanmaraşdan seçilmiş millət vəkili Əhməd Özdəmir, ABŞ rəsmiləri adından danışaraq, bu barədə onlarla məsləhətləşdiyini iddia etmiş və sözügedən qanun layihəsinin ABŞ-dakı dezinformasiya qanunu ilə tam uyğun olduğunu bildirmişdi.
“Amerikanın Səsi”nin Türkiyə nəşrində yer alan xəbərə görə, ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Özdəmirin açıqlamalarını təkzib edərək, ABŞ-da belə bir qanunun olmadığını bildirib. Adı açıqlanmayan sözçü bu açıqlamaları dezinformasiya kimi qiymətləndirib.
Xarici İşlər Nazirliyinin sözçüsü onu da qeyd edib ki, qanundakı maddələr Türkiyədə sosial mediaya girişdə maneələr yaradaraq rəqəmsal və onlayn informasiya və əyləncə xidməti təminatçılarına ciddi təsir göstərə bilər.
Qeyd edək ki, oktyabrın 14-də TBMM dezinformasiya hesab edilən media və sosial şəbəkə məlumatlarına görə 3 ilə qədər həbs cəzasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Sözügedən qanununa əsasən, ictimaiyyət arasında narahatlıq, qorxu və ya çaxnaşma yaratmaq məqsədi ilə ölkənin daxili və xarici təhlükəsizliyi, ictimai asayiş və ümumi sağlamlıq haqqında yalan məlumatı açıq şəkildə yayan hər kəs 1 ildən 3 ilə qədər həbs cəzası alacaq.

DİGƏR XƏBƏRLƏR

Top