"Konkret mövqe tələb olunanda, Azərbaycan belə məsələlərdən uzaq durur"


“Azərbaycanın bu davranışı əslində yeni deyil. Yəni Azərbaycanın BMT-dəki nümayəndəliyi Ukrayna müharibəsi başladıqdan üzü bəri bu mövzuda keçirilən səsvermələrdə hər zaman bu cür hərəkət edib, yəni səsvermələrə qatılmayıb və bununla tərəflərdən hər hansı birini müdafiə etmədiyini, dəstəkləmədiyini nümayiş etdirirməyə çalışıb”.

Bu sözləri Yeniavaz.com-a politoloq Şahin Cəfərli, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında keçirilən Rusiya ilə bağlı səsvermədə Azərbaycanın iştirak etməməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, konkret mövqenin ortaya qoyulması tələb olunan bu tip situasiyalarda Azərbaycan səsvermələrdə iştirak etmir:
“Düzdür, Azərbaycan rəsmi açıqlamalarında hər zaman Ukraynaya dəstək verdiyini bəyan edib. Amma praktik səviyyədə bunu nümayiş etdirən addımlardan çəkinib. Bunun da əsas səbəbi, yəqin ki, hamıya aydındır. Azərbaycan hökuməti, dövləti Rusiya ilə münasibətlərin soyuqlaşmasından qaçır. Yəni elə bir soyuqlaşma, pisləşmə ehtimalına yol vermək istəmir. Çünki Azərbaycan hakimiyyəti, dövləti üçün Rusiya ilə münasibətlər çox vacibdir. Xüsusən, biz bilirik ki, Qarabağda Rusiya sülhməramlıları xidmət keçir. Həmin ərazilərin, yəni faktiki olaraq Rusiya sülhməramlı kontingentinin nəzarətindəki ərazilərin gələcək taleyi məhz Azərbaycan-Rusiya münasibətlərinin gedişatından aslıdır. Bu baxımdan Azərbaycan bu məsələlərdə bir sıra risklər görür. Yəni, birmənalı şəkildə Ukraynanın tərəfini tutmağın müəyyən risklər doğura biləcəyini Azərbaycan hökuməti görür və hiss edir. Ona görə də, konkret mövqenin ortaya qoyulması tələb olunan bu tip situasiyalarda Azərbaycan səsvermələrdə iştirak etmir və belə məsələlərdən uzaq durmağa üstünlük verir”.
Ş. Cəfərli bu halın Azərbaycan üçün ciddi neqativ nəticələrinin olacağını gözləmir:
“Ukrayna rəhbərliyi də əslində Azərbaycanın mövqeyini anlayışla qarşıladığını bir neçə dəfə bildirib. Prezident Zelenski də hətta (Ukrayna prezidenti Volodimir Zelenski -red.) Azərbaycanın və digər postsovet ölkələrinin bu məsələlərdə tutduqları ehtiyatlı mövqeni anlayışla qarşıladığını bildirib. Yəni bu baxımdan Rusiya məğlub olsa belə mən düşünmürəm ki, Azərbaycanın bu ehtiyatlı və biraz da çəkingən mövqeyi Azərbaycanın Ukrayna və ya Qərb ilə münasibətlərinə ciddi təsir etsin”.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Rusiyanın Ukraynanın regionlarını qanunsuz ilhaqını pisləyən qətnaməni qəbul edib. Azərbaycan yenə səsvermədə iştirak etməyib.

Nazlı Rəcəbova

DİGƏR XƏBƏRLƏR

Top