Həm musiqiçi, həm idmançı, həm rəssam... – Fotolar


Şəmsin hazırda 17 yaşı var. Onun uşaqlıqdan idmana böyük həvəsi olub. Ona görə də o, 5 yaşından kikboksinq üzrə əlbəyaxa idman növü ilə məşğul olub.

Yeniavaz.com xəbər verir ki, Mingəçevirin fitri istedada malik gənc idmançı qızı Şəms Soltanova həm tələbə, həm idmançı, həm rəssam, həm də musiqiçidir.
Artıq 10 yaşında həmin idman üzrə keçirilən yarışlarda birincilik qazanıb və Azərbaycanın dünya çempionu adını alıb. Hazırda yenə də bu idman növü ilə məşğul olur. Şəmsin bacarıqları bununla bitmir. O, həm də bədii gimnastika və rəssamlıq fəaliyyəti ilə də məşğul olur.
Şəms Soltanova fəaliyyəti ilə bağlı bunları deyib:
“Bəzən parkda anamla gedəndə gördüyüm bir ağacın rəngi mənə çox müsbət təsir edir. Evə gəlirəm və o ağacın rəngi, duruşu, yarpaqları ağlımdan çıxmır. Hiss edirəm ki, o ağacı çəkmək istəyirəm. Amma hazırda rəsm mənim üçün sadəcə bir hobbidir. Rəssamlıq yeniliyi sevən sənətdir. Yeniliyin olması üçün fərqli düşüncə və fərqli baxış olmalıdır. Düşünürəm ki, rəssamlıq sonu bilinməyən bir sənətdir. Bu sahədə həmişə öyrənməliyəm və yenə də öyrənirəm, bütün janrlarda çəkirəm. Əslində mənim ən böyük arzum idmançı olmaqdır. Çünki idmançı cəmiyyətə çox lazımdır, cəmiyyət də idmançıya. İdmançı olmaq hər bir vətəndaşa gərəkdir. Əslində mənə görə idmançı istədiyi şeyi edə bilər və istədiyi yerdə çalışa bilər. İdmançı üçün bütün qapılar açıqdır. Əgər hansısa biri bağlı olsa, öz şəxsi nailiyyətlərindən asılı olaraq, o qapıya da açar tapılar. Buna görə də çox düşünüb qərara gəldim ki, gözəl gələcək üçün gərək idmançı olum. Planlarım çoxdur, bütün bu sadaladıqlarımla yanaşı rəqs də öyrənirəm. Gözəl rəqs bacarığım var. Hətta Türkiyədə, Gürcüstanda rəqs üzrə festivallarda da iştirak etmişəm. Bununla yanaşı həm də fortepiano üzrə musiqi təhsili alıram və  Ağdam musiqi kollecinin 3-cü kurs tələbəsiyəm”.
Şəms qeyd edib ki, 17 yaşı olmasına baxmayaraq öz üzərində daha yaxşı çalışıb gələcəkdə səfirlikdə işləmək arzusundadır. Buna görə də ali təhsilini davam etdirmək niyyətindədir.
 




Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top