"Putinin nəticə ala biləcəyi yeganə üsul “dəli adam” roluna girməkdir"


“Putin rejimi eskalasiyanı mümkün olduğu qədər artırmaqla dünyanı qorxudub, siyasi nəticə əldə etmək istəyir. Məqsəd Ukrayna və ya Qərblə (yaxud hər ikisi ilə) masaya oturub, Moskvanın tələblərinin ən azı bir qisminin yerinə yetirilməsi şərti ilə müharibənin dayandırılmasından ibarətdir”.
Yeniavaz.com
xəbər verir ki, bunu politoloq Şahin Cəfərli sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Rusiya cəbhədə hücum əməliyyatı keçirmək imkanlarını itirib:
“Rusiyanın cəbhədə üzləşdiyi durumu bilirsiniz: tükəniblər və nəinki böyük hücum əməliyyatları keçirmək, hətta effektiv müdafiə olunmaq imkanlarını da itiriblər. Dneprin sağ sahilindəki qruplaşmanın ləğvi zaman məsələsidir. Zaporojye istiqamətindən başlanacaq Ukrayna hücumu isə müharibənin taleyini həll edə bilər. Rusiyanın səfərbərliyə alınan ehtiyat qüvvələrinin təlim və hazırlığının dekabr ayında yekunlaşacağı gözlənilir, lakin bunların cəbhədə radikal dönüş yaradacağı şübhə doğurur.
Bu səbəblərdən indiki mərhələdə Putinin nəticə ala biləcəyi yeganə üsul “dəli adam” roluna girib, “məni çox sıxmayın, dünyanı yaxaram, nüvə də ataram” mesajını verməkdir (Madman theory). Çünki belə olanda Qərbdə bir çox çevrəni təsir altına alıb, onları “no war” çağırışı ilə hərəkətə keçməyə vadar etmək mümkün olur. Qərbdəki bu çevrələr:
- Səmimi olaraq müharibə (hələ üstəlik, nüvə müharibəsi) istəməyənlər;
- İdeoloji səbəblərdən Putin Rusiyası ilə yaxın olan, yaxud ona yaxınlıq hiss edən antisistem dairələri;
- Siyasi, akademik, biznes, media çevrələrində Rusiyanın satın aldığı adamlar və ona simpatiya bəsləyən “faydalı idiotlar”;
- və Rusiya agentura şəbəkəsidir.
Gərginlik apogeyə çatanda, eləcə də Rusiya nüvə təhdidi ilə çıxış edib, bu çevrələrə pas atanda onlar “dərhal danışıqlara başlamaq lazımdır, yoxsa 3-cü dünya müharibəsi baş verəcək” straşilkası ilə ortaya çıxıb, bu yöndə ictimai rəy yaradır və müəyyən qədər haqlı da görünürlər (Merkel, Tramp kimi yaxın keçmişdəki Qərb liderlərinin son günlərdə etdikləri çağırışlar bu baxımdan təsadüf deyil).

Politoloq Ukrayna şəhərlərinin bombalanmasına da münasibət bildirib:
“Putinin bugünkü raket terrorunun konkret səbəblərinə gəldikdə isə qeyd etməliyik ki, Krım körpüsü kimi mühüm siyasi simvola çevrilmiş nəhəng konstruksiyanın və Rusiyanın Ukraynanın cənubundakı işğal qruplaşmasının strateji logistikasının vurulması birbaşa Putinin xarizmasının çalın-çarpaz cızılması və onun bütün dünyanın gözü önündə alçaldılması deməkdir. Putin buna bütün dünyanın görəcəyi və danışacağı bir cavab vermək istədi. Digər tərəfdən, ciddi cavab tədbirləri tələb edən propaqandistlərin iştahına uyğun “yemək” təqdim etmək, onları razı salmaq, onlara müzakirə mövzusu vermək ehtiyacı da var. Putin rejimi özünün yaratdığı bu “frankenşteyn”in əsirinə çevrilib. Solovyovlar, skabeyevalar, simonyanlar və digərləri artıq dövlət siyasətinə ciddi təsir edəcək gücə çatıblar.
Lakin raket terrorunun Rusiya üçün yalnız təbliğati effekti olacaq. Bu tip cinayətkar əmrlər və əməllər Ukrayna xalqının və ordusunun mübarizə əzmini daha da artıracaq, eyni zamanda müttəfiqlərin bu ölkəyə daha ciddi silah sistemləri göndərməsinə səbəb olacaq”.

DİGƏR XƏBƏRLƏR

Top