Hüsnü-zənn və ya müsbət düşünmənin faydaları


Ağla gələ bilər ki, söhbət düşünməkdən, zənn etməkdən gedirsə, bunun müsbət və ya mənfi düşüncə olmasının, sui-zənn və ya hüsnü-zənn olmasının nə kimi fərqi və əhəmiyyəti var?
Kiməsə pis gözlə baxmaq, onun haqqında mənfi düşüncələrə sahib olmaq, əslində insanın öz varlığına baxması, qarşıdakı şəxsdə öz varlığını görməsi kimi izah olunur.

Bəlkə də həmin şəxs onun gördüyü şəkildə və mütləq mənada mənfi və pis bir insan deyil. Sadəcə olaraq mənfi düşüncələrlə, sui-zənnlə və pis gözlə ona baxdığı üçün onu o formada görür. Burada baş verən hadisə ağıl və zehin nəyə fokuslanıbsa, gözün də sadəcə onu görməsindən ibarətdir.
Çünki ağlın görmək istədiyi şeylər insanın o ana qədər keçirdiyi həyat təcrübəsindən, dünya görüşündən, dolayısıyla dərk etməyə hazır olduğu şeylərdən ibarət olur. Misal üçün bir şəxs sizin gözünüzdə şüuraltınızdakı məlumatlara əsasən çox mənfi bir obraz kimi görünə bilər. Ancaq başqa insanın gözündə o şəxs həmin mənfi obrazda, mənfi xüsusiyyətlərə sahib olaraq görünməyə bilər. Sizin gözünüzdə onun mənfi və şər əməlləri, digər insanın gözündə isə onun müsbət xarakteri, gözəl əməlləri canlandığı üçün bu cür fərqli baxışlar əmələ gəlir.
Mövlana Cəlaləddin Rumi müsbət düşüncələrə sahib olmanın, hüsnü-zənnin faydalarından bəhs edərkən belə deyir: “Əgər bir insan başqa bir insan haqqında yaxşı şeylər fikirləşirsə, o yaxşılıq mahiyyətcə onun özünə aiddir. Əgər bir şəxs evinin ətrafına qızılgül, çobanyastığı yada başqa güllər əkirsə, hər baxanda həmin gülləri görəcək. İnsan başqalarının yaxşılığını istəyər, onlar haqqında müsbət düşüncələrə sahib olmağı vərdiş halına gətirərsə, sonda həmin insanlara qarşı qəlbində sevgi yaranar. Kiminsə şər əməlini, mənfi xüsusiyyətini deyəndə o şəxs istər-istəməz yaddaşda mənfi bir obraz olaraq qalır. Hər dəfə o yadına düşəndə sanki qarşısında tikanlı bir bağça canlanır. Hüsnü-zənn edərək, müsbət düşüncələrə sahib olaraq ətrafımızı gül baxçası halına gətirmə şansımız olduğu halda, nə üçün çevrəmizi, ətrafımızı mənfi düşüncələrlə tikanlı bir yer halına gətiririk? Əgər ətrafımızdakı insanlara qarşı daim mənfi düşüncədə olsaq, onları qarşı içimizdə həmişə sui-zənn bəsləsək sanki gecə-gündüz tikanların, ilanların arasında yaşayırmış kimi bir hiss yaranacaq. Halbuki onlar bizim düşündüyümüz kimi olmaya da bilərlər. Əslində hüsnü-zənnə sahib olmaq, insanlara qarşı müsbət düşüncəli olmaq, başqalarına görə yox, elə özümüz üçün lazımdır”.
Ətrafımızdakı insanlara qarşı istər-istəməz hansısa formada bir təsəvvürə sahib oluruq və demək olar ki, bundan qaçmaq mümkün deyil. Elə bu məqamda qarşımıza mənfi və ya müsbət düşüncələr, hüsnü-zənn və ya sui-zənn arasında seçim etmək çıxır.
Bu haqda bir Quran ayəsində belə buyurulub: "Kim yaxşı bir iş görsə, xeyiri özünə, kim də bir pislik etsə, zərəri özünə olar! Sonra siz öz Rəbbinizə doğru qaytarılacaqsınız" (Casiyə, 45/15).
Hüsnü-zənn və ya müsbət düşüncənin başqa bir faydası da insanları həyatda qarşılaşacaqları neqativ hallara qarşı dözümlü etməsidir. Yalnız bu zaman insan həyatda baş verən hadisələrə qarşı özünü güclü hiss edə bilər.
Mövlana Cəlaləddin Rumiyə görə, insanları hər cür mənfiliyə qarşı güclü və müqavimətli edən onun qəlbindəki güclü inamla qidalanan arzu, ümid və müsbət düşüncələridir.
Mövlana bu məsələni Həzrət Yusif peyğəmbərin (ə.s) həyatında bir misalla açıqlayır: "Həzrət Yusif peyğəmbər (ə.s) yuxusunda günəş, ay və ulduzların onun qarşısında səcdə etdiyini görmüş, bu yuxunun mənasına inanmışdı. Quyuya atılsa da, zindanda qalsa da, həmin yuxunun gerçəkləşəcəyini bilirdi. Buna inanmış, başına gələn hadisələrlə bağlı heç vaxt sui-zənnə qapılmamış, daim hüsnü-zənn içərisində olmuşdu. Onun bu hüsnü-zənni ən sıxıntılı günlərində belə gözünün qabağında şam kimi yanır, onu işıqlandırırdı".
Mövlana Cəlaləddin Rumiyə görə, insanın hadisələri müsbət baxış bucağı ilə seyr edə bilməsi qəza və qədərə iman etməklə sıx əlaqəlidir. Yəni, kainatdakı hər bir hadisənin ən xırda təfərrüatına qədər ilahi bilgiyə uyğun olaraq baş verdiyini bilən, ilahi qüdrətin izni olmadan bir yarpağın belə yerə düşməyəcəyinə inanan bir mömin, alınan bütün tədbirlərə baxmayaraq baş verən bir müsibətin Uca Allahın (c.c) elminə məlum olduğunu, Onun (c.c) iradə və izni ilə gəldiyini bilir.
Mövlana Cəlaləddin Rumi insan bədənini bir müsafirin qonaq gəldiyi evə, müxtəlif düşüncələri də həmin evə ayrı-ayrılıqda gəlmiş qonaqlara bənzədir. Ona görə, evə gələn qonaqlar müxtəlif cür olduğu kimi, ağla gələn düşüncələr də müxtəlif formada, müsbət və ya mənfi düşüncələr ola bilər. Ancaq qonaq hər zaman gedicidir. Bunun üçün Həzrət İbrahim peyğəmbərin (ə.s) bütün qonaqlara gülərüz göstərdiyi kimi biz də ağla gələn mənfi düşüncələri müvəqqəti qonaq hesab etməliyik.
Mövlananın mənfi düşüncələrlə bağlı qeyd etdiyi bu şüur ​​vəziyyəti insanların qarşılaşdıqları hadisələrin müsbət cəhətlərini görə bilməsi baxımından əhəmiyyətlidir. Mövlana bu məqamı bir hekayənin dili ilə bizə çatdırır…
Uzun illərdir sevgilisinə qovuşa bilməyən, onu axtaran ancaq heç cürə tapa bilməyən bir məşuq var imiş. Bir gün qəddar və zalim bir gözətçidən gizlənmək üçün can dərdi ilə üzüm bağına girməli, orada gizlənməli olur. Bu zaman illərdir axtardığı sevgilisini həmin bağda tapır. Qəddarlığına görə nifrət etdiyi, canını qurtarmaq üçün qaçmaq və gizlənmək məcburiyyətində qaldığı həmin gözətçi ona sevgilisini tapmaq üçün bir səbəb və vəsilə olur. Buna görə nifrət etdiyi gözətçiyə dua etməyə başlayır. Mövlana bu hekayə ilə insanların həyatda rastlaşdıqları bir çox mənfi şeylərin son nəticədə onlara yaxşılıq gətirə biləcəyini bildirir.
Müsbət düşüncənin insanlara faydalarından biri də pis və xoşagəlməz hadisələrin insan zehnində buraxdığı təsirlə əlaqəlidir. İnsanları təsiri altında buraxan qarşılaşdıqları pis və xoşagəlməz hadisələr deyil, daha çox bu hadisənin insan zehnində buraxdığı izlərdir. Başa gələn xoşagəlməz hadisə olmuş və bitmişdir. Ancaq  hadisənin insan şüurunda buraxdığı izlər həmişə onunla bərabərdir. Həmin hadisə demək olar ki, hər an onun beynində yenidən yaşanır. İnsanların çoxu sözün əsl mənasında bütün həyatını bir neçə dəqiqəlik hadisənin qorxunc görüntüsü ilə yaşamağa sərf edirlər.
Əgər bir insan bütün cəhdlərinə baxmayaraq, başqa bir insan haqqındakı mənfi düşüncələrinə qalib gələ bilmirsə və o insana qarşı nifrət bəsləyirsə, Mövlana o insana konkret bir addım atmağı tövsiyəsi edir. Bu, düşmənlik bəslədiyi həmin insana yaxşılıq etməkdir. İnsan bu əməli ilə kiməsə bəslədiyi mənfi düşüncələrdən qurtular, bir növ özünə yaxşılıq etmiş olar.

Qeyd: Yazının hazırlanmasında Osman Nuri Küçükün “Mevlanaya göre olumlu düşünmenin yolu ve insan yaşamına katkısı” başlıqlı məqaləsindən istifadə edilmişdir.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top