Axtarışa verilən sabiq icra başçısı həbs edilib? - Yenilənib


"Azərbaycan mətbuatında "axtarışa verilən sabiq icra başçısı həbs olundu" başlığı ilə xəbərlər yayılıb. Bildirilir ki, Azərbaycan CM-nin 120 (Qəsdən adam öldürmə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunan və  İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş Elxan Nuriyev Polşada həbs olunub. Bununla əlaqədar olaraq dostlarda yaranmış narahatlığı nəzərə alaraq bildirmək istəyirəm ki, saxta ittihamlarla saxlanılan Ukrayna vətəndaşı, Ali Radanın Hüquq Komitəsinin əməkdaşı, Ukrayna Zabitlər Birliyinin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Elxan Nuriyev həbs olunmayıb, barəsində araşdırma aparılandan sonra tezliklə sərbəst buraxılacağı gözlənilir".

Yeniavaz.com xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu feysbuk hesabında yazıb.
"Rusiyanın Ukraynaya təcavüzünü tənqid və ifşa edən, vətənpərvərliyi ilə Ukraynasevərlərin hörmətini qazanan Elxan Nuriyev müharibə başlayandan ilk dəfədir ki, Avropaya işgüzar səfərə çıxıb. Kremlin Bakıdakı əlaltıları istəyinə nail ola bilməyəcək.
Əlavə məlumat əldə edən kimi sizə çatdıracagıq", - deyə o qeyd edib.

***18:32
Qubadlı rayonunun sabiq icra başçısı Elxan Nuriyev Polşada həbs edilib.

Yeniavaz.com "Qafqazinfo"ya istinadla xəbər verir ki, Azərbaycan tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş 1962-ci il təvəllüdlü Elxan Piri oğlu Nuriyev Polşada tutulub. Hazırda Ukrayna vətəndaşı olan sabiq icra başçısının Azərbaycan CM-nin 120 (Qəsdən adam öldürmə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham edildiyi və barəsində məhkəmə tərəfindən həbs qərarının çıxarıldığı bildirilib.

Qeyd edək ki, o, 1992-ci ildə mərhum Prezident Əbülfəz Elçibəyin fərmanı ilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Gəncə qiyamından bir müddət sonra yenidən Ukraynaya qayıdıb. O, 22 avqust 1993-cü ildə Qubadlı RİH başçısı vəzifəsindən azad edilib.

Bir neçə il əvvəl E.Nuriyev Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun sərəncamı ilə Ukrayna təhsil nazirinin müşaviri və Ukrayna rektorların attestasiya komissiyasının sədri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, hazırda Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri olan E. Nuriyev tez-tez yutubun Azərbaycan seqmentində yayımlanan bir sıra verilişlərdə hərbi ekspert kimi çıxış edib.

DİGƏR XƏBƏRLƏR

Top