Şəhid qızının şəhid yoldaşı... - Fotolar + Video


Murad Rəhimli 44 günlük Vətən müharibəsinin ilk 3 günündə döyüşərək “Cəsur döyüşçü”, “Suqovuşanın azad edilməsinə görə” və “Vətən uğrunda” medallarıyla təltif olunub. Muradın yaxınlarının sözlərinə görə, o, çox səmimi, təmiz qəlbli, cəsur və vətənpərvər bir gənc olub. Şəhidliyi ən uca zirvə sayan Muradın Vətən müharibəsinə gedən yolu general-mayor Polad Həşimovun şəhid olması ilə başlayıb. Yaxınları bildirib ki, Murad Polad Həşimovun şəhid olmasından sonra özünə yer tapa bilməyib. Sadəcə bir cümlə işlədirmiş:
“Bir dövlətin generalının ölməsi bilirsiniz nə deməkdir?”
Yaxınlarının Yeniavaz.com-a verdiyi məlumata görə, Murad Tovuz döyüşlərində Polad Həşimovun şəhid olmasından sonra könüllü olaraq ordu sıralarına yazılıb.
Rəhimli Murad İlqar oğlu 1991-ci ilin 31 oktyabrında Sumqayıt şəhərində anadan olub.
1998-ci ildə Sumqayıt şəhəri Mikayıl Müşfiq adına 34 nömrəli məktəbin 1-ci sinfinə gedib. 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ekologiya fakültəsinə daxil olub. 2013-cu ildə ordu sıralarına çağırılıb. O, hərbi xidmətini Naxçıvanda, Əlahiddə Ümumqoşun Ordu sıralarında edib. SOCAR-da neft borularının mühafizəsində atıcı kimi işləyib. Dövlət qulluğuna hazırlaşıb, müsabiqə və müsahibədən keçib. 2020-ci ilin fevralında Sumqayıt şəhəri 41 saylı seçki məntəqəsinə millət vəkili kimi namizədliyini irəli sürüb.
27 sentyabr 2020-ci ildə ordu sıralarına çağırılmaması onu çox məyus edib. Müharibəyə getməsi üçün dəfələrlə çağırış məntəqəsinə yollanıb və nəhayət, oktyabrın 1-i müharibəyə gedib. Tərtər-Ağdərə istiqamətində döyüşüb. Əslən Ağdamdan olan Murad oktyabrın 7-si Suqovuşanda şəhid olub. Əsgər yoldaşlarının dediyinə görə, komandir döyüşdə irəli getmək əmri verərkən Muradla birgə 4 sumqayıtlı çağırışçı hər kəsdən birinci irəli çıxıb. Murad şəhid olduğu gün isə döyüş sırasında silahlarını doldurmaq üçün erməni səngərində aşağı əyildikləri vaxt yayılan mərmilər onun dostunun qolundan, Muradın isə şah damarından və ürəyindən dəyib. Yaxınlarının sözlərinə görə, qəlpələr onun cibində olan şəxsi əşyalarını (pul qabı, pul vahidləri, sürücülük vəsiqəsi) deşərək ürək nahiyəsinə daxil olub.




Murad əslində bu həyatda bir növ qayınatasının, eyni zamanda dayısının yolunu davam etdirib. Belə ki, şəhidimizin dayısı 29 yaşında birinci Qarabağ müharibəsində şəhid olub. Muradın özü də eyni yaşda eyni ünvana - ikinci Qarabağ müharibəsində şəhadətə çatıb.
Özünü müxtəlif sahələrdə sınamağı sevən Murad şəhadətindən bir il əvvəl klip çəkilişlərində iştirak edib. Yaxınları onun çəkildiyi klipə əvvəl bir anlam verə bilməsələr də, bunu şəhid olduqdan sonra onun gənc yaşda dünyadan köç edəcəyini öncədən hiss etməsilə əlaqələndiriblər.
Sözügedən klipin ssenarisi günümüzdə çəkilən kliplərin ssenarilərindən tamamilə fərqlənib. “Sonsuz aləm” adlandırılan həmin klip obrazların yaxınları ilə vidalaşaraq axirətə köç etməsi ilə sonlanır. Bunun sadəcə bir ssenari, bir klip olmasına rəğmən sonsuz aləmə gedən yolun qapısını ilk Muradın açması onları daha da narahat edib. Bu səbəbdən də ailə üzvləri onun belə bir klipə çəkilməsindən çox narazı qalaraq, öz etirazlarını kəskin şəkildə bildiriblər. Amma qədər deyilən bir şey var. O, öz qədərini əvvəlcədən hiss edənlərdən olub, bəlkə də...
Bu gün şəhidimizin Azərbaycana iki oğul əmanəti qalıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!



DİGƏR XƏBƏRLƏR

Top