Şagirdin yoldaşını döyməsi ilə bağlı məktəbdən və BŞTİ-dən - Açıqlama+Yenilənib


"Sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində tənəffüs zamanı baş verib".

Bu barədə Yeniavaz.com-a 112 nömrəli tam orta məktəbdən məlumat verilib.
Məlumatda bildirilib ki, həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb:
"Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. 
Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər.
Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb. 
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib.
Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyin zəruriliyi bir daha şagirdlərin diqqətinə çatdırılıb".
Sözügedən hadisə ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən isə Yeniavaz.com-a bildirilib ki, məsələ ilə bağlı müvafiq araşdırma aparılır:
"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub, uşaqlarla zəruri söhbət aparılıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb.
Qeyd edək ki, məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür".

***09:44
Sosial şəbəkələrdə məktəbdə bir şagirdin digərinə fiziki zorakılıq tətbiq etməsinin görüntüləri yayılıb.
Yeniavaz.com
xəbər verir ki, görüntülərin Sabunçu rayonu Pirşağı qəsəbəsi 112 nömrəli tam orta məktəbdə çəkildiyi iddia olunub.
Görüntülərdən aydın olur ki, başqa bir şagird də bu zorakılıq hadisəsini telefonla çəkib sosial şəbəkələrdə paylaşacağını deyir.
Məktəbdə bir şagirdin digərini döyməsi və başqa bir şagirdin də onları lentə alması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yeniavaz.com-a bildirilib ki, hadisə araşdırılır:
“Sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıyıq. Araşdırma aparılır”.

DİGƏR XƏBƏRLƏR

Top