Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov azadlığa buraxılıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, sabiq nazir bu dəqiqələrdə cəzaçəkmə müəssisəsindən azad olunub.
Qeyd edək ki, ötən gün Ali Məhkəmənin qərarı ilə Vəli Ələsgərovun cəzası 6 il 9 ay 20 günə endirilib.
Həmin müddət də başa çatdığı üçün təqsirləndirilən şəxsin dərhal azad olunması ilə bağlı qərar çıxarılıb.
***17:02
Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun cəza müddəti sentyabrın 27-də başa çatsa da, saxlandığı cəzaçəkmə müəssisəsinin rəhbərliyi onu buraxmaqdan imtina edir.
Yeniavaz.com MEydan TV-yə istinadla xəbər verir ki, bu barədə onun vəkili Vüqar Xasayev məlumat verib.
Sabiq nazirin vəkili bildirib ki, Vəli Ələsgərov haqqında hökmün dəyişməsi – cəzasının 6 il 9 ay 20 günə endirilməsi və həmin müddətin də sentyabrın 27-də başa çatması haqda Ali Məhkəmənin qərarını cəzaçəkmə müəssisəsinin rəhbərliyinə təqdim ediblər. Buna baxmayaraq, Ali Məhkəmənin qərarı icra olunmur.
“Ali Məhkəmənin qərarı elektron qaydada Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə də göndərilib. Buna baxmayaraq, yenə də buraxmırlar. Deyirlər ki, araşdırılır. Burada hansı araşdırmadan söhbət gedə bilər? Ortada Ali Məhkəmənin qərarı var və icra olunmalıdır”, – vəkil bildirib.
Vüqar Xasayev əlavə edib ki, hüquqlarını müdafiə etdiyi şəxs hazırda həbsdə qanunsuz saxlanılır. Çünki onun cəza müddətinin sentyabrın 27-də başa çatmasını sübut edən hökm var.