1200 hektardan çox sahədə yeni fındıq bağı salınıb. Yaxın bir neçə ildə Azərbaycanda 40 min hektar yeni fındıq bağı salmaq planlaşdırılır. Bunu Kənd Təsərrüfatı Nazırliyinin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov deyir. Qurum yetkilisi bundan ötrü ölkədə təbii iqlim şəraitinin olduğunu vurğulayır: Rayonlarda qərargahlar yaradılıb «Nazirlik imkanları araşdırmaq məqsədilə yerlərdə sorğu keçirdi, mütəxəssislər rayonlarda ehtiyatları təhlil etdilər. Şəki-Zaqatala, Quba-Xaçmaz bölgələrində, Yevlax və İsmayıllıda, yəni 12 rayonda həm özəl, həm də bələdiyyə və ehtiyat fondu torpaqlarında fındıq əkmək potensialı müəyyən olundu. Hazırda bu rayonlarda əkinə kömək qərargahları işləyir». Nazirlik nümayəndəsi deyir ki, bu işdə nazirliyin iştirakı aqrotexniki məsləhət xidmətindən ibarətdir. Hesablamalara görə, yeni fındıq bağlarının salınması üçün 11 milyondan çox ting və pöhrə gərəkdir. Nazirlik bunu Elmi-Tədqiqat Çayçılıq və Subtropik Bitkilər İnstitutu-nda tinglik təsərrüfatlarında yetişdirməyi planlaşdırır. Fındıq barvermə yaşına gec çatır deyə, nazirlik, yeni fındıq bağları salan fermerlərə dövlət yardımıyla bağlı təkliflərini hökumətə verib.
Bu il fındıq azdır
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin əvvəlinə ölkədə 32 min 724 hektar fındıq bağları vardı. Ötən il fındıq bağları 7,1 faiz genişlənib. İl ərzində bağlardan 32 min 500 ton, başqa sözlə, hər hektardan 1 ton məhsul götürülüb. Rəsmi bilgiyə görə, 5 min hektardan çox fındıq bağında ağaclar hələ barvermə yaşına çatmayıb. Fındıq yığımı sentyabrın sonunda yekunlaşsa da, hələlik buliki məlumat açıqlanmayıb. Amma fermerlər bu il məhsuldarlığın aşağı olduğunu deyirlər.
İxrac da, gəlir də ilbəil artır
Dövlət Gömrük Komitəsi isə 2012-2014-cü illərdə Azərbaycandan 10,2-11,8 min ton arasında təmizlənmiş fındıq ixrac olunduğunu bildirir. 2012-2013-cü illərdə bir ton Azərbaycan fındığı xarici bazarda 4 min 300 – 4 min 400 ABŞ dollarına satılırdısa, inişil bu göstərici 5 min 700 dolları keçdi. Mütəxəssislər deyirlər ki, əgər 2014-cü ildə qiymət artımı Türkiyədə az məhsul götürülməsi ilə bağlı idisə, keçən il Azərbaycan fındığının tonunun orta hesabla 7 min 384 dolara satılması onun öz keyfiyyəti ilə bazarda tanınması sayəsində mümkün olub. Bu ilin birinci yarısında dünya bazarında fındığın qiymətində bir qədər geriləmə qeydə alınıb. Həmin dövrdə ölkədən 5 min 774 ton fındığın ixracından 35,4 milyon dollar valyuta daxil olub.
Əsas alıcılar Avropadadır
Azərbaycan fındığı, əsasən, Avropaya ixrac olunur. Ötənilki ixracatın 66 faizi (8 min 142 ton) 12 Avropa ölkəsinin payına düşür. Alıcılar isə şokolad məhsulları istehsalçılarıdır. 2015-ci ildə ixrac olunan fındığın Almaniyadakı alıcıları onun tonuna 8 min 300 dollar, İtaliyadakı alıcılar 9 min 52 dollar ödəyiblər. Amma Rusiya Azərbaycandan təxminən Almaniya qədər – 4 min 300 tona yaxın fındıq alsa da, tonuna 5 min 350 dollar ödəyib.
Bu il tədarükçülər «səxavətlidirlər»
Fermerlər fındığın topdansatış qiymətindən narazı qalmayıblar. Bir kiloqram yaş fındığı tədarükçü zavodlar ikiqat baha, 5 manatdan yuxarı, elə bağdaca qəbul ediblər. Buna səbəbsə, manatın devalvasiyasıdır. Fermerə bir qədər çox pul ödəyən zavodlar avronun manata olan məzənnəsindən qazanıblar.
Mənbə: azadliq.org