Sedat Pekerin evinə silahlı hücum olub


Mütəşəkkil cinayətkarlıq təşkilatına rəhbərlik etməkdə ittiham olunan və xaricdən verdiyi açıqlamalarla gündəm yaradan Sedat Pekerin İstanbuldakı evinə silahlı hücum olub.

Yeniavaz.com Sözcü-yə istinadən xəbər verir ki, Sedat Pekerin İstanbulun Beykoz rayonanunda müsadirə olunan evinə səhər saat 09:30-da silahlı hücum olub. İddiaya görə, avtomobillə evin qarşısına gələn silahlı şəxslər evi atəşə tutublar.
Hücum zamanı Pekerin yaxın adamlarından olduğu iddia edilən Yılmaz Günay 3 güllə yarası alıb. Xəstəxanaya aparılan Günayın həyati təhlükəsinin olduğu deyilir.
Hadisə ilə bağlı araşdırma aparan İstanbul Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları hücumun Yılmaz Günayla problemi olan şəxslər tərəfindən həyata keçirildiyini qeyd ediblər.
Qeyd edək ki, siyasi mafiya əlaqələri və bürokratiyadakı korrupsiya iddialarını gündəmə gətirən Sedat Pekerin Türkiyədə bəzi təbəqələr tərəfindən öldürüləcəyi iddia edilib. Xaricdə yaşayan Pekerin Beykozdakı evinin olduğu ərazi ötən ay Milli Parklar Baş Müdirliyinə verilib.

DİGƏR XƏBƏRLƏR

Top