“Mən bağda bu meyvələri əkdim, çünki onların adı Quranda çəkilir” - Kral III Çarlz


Yeni Kral III Çarlz Britaniya tarixində İslam tərəfdarlığı ilə seçilir. O, İslamı dərindən araşdırmış, hətta Quran oxumaq üçün ərəb dilini də öyrənib.

Yeniavaz.com “middleeasteye.net” saytında yayımlanan məqaləyə istinadən xəbər verir ki, Kral III Çarlz bir neçə onilliklərə aid bəyanatlarında İslamın Qərblə müharibədə olduğunu iddia edən “sivilizasiyaların toqquşması” tezisini qəbul etmir. Əksinə o İslam, Yəhudilik və Xristianlığın ortaq cəhətləri olan üç böyük monoteist din olduğunu söyləyir.
Kembric Universitetində Tarix üzrə təhsil alan İmran Mollanın imzasını daşıyan sözügedən məqaləni təqdim edirik:
"Yeni kral 1993-cü ildən etibarən Oksford İslam Araşdırmaları Mərkəzinə himayədarlıq edir. Həmin il o, "İslam və Qərb" adlı ilk çıxışını edib. Bu, insanların çoxunun siyasətçilərdən və kral ailəsindən gözlədiyi dinlə bağlı şablonlardan ibarət bir çıxış deyildi.
Uels Şahzadəsi həmin nitqində İslam sivilizasiyası və onun Avropa ilə əlaqələri haqqında tarixi bir nitq söyləyib. Şahzadə deyib ki, İslam "bəşər fəaliyyətinin bütün sahələrində keçmişimizin və bu günümüzün bir hissəsidir. İslamın, müasir Avropanın formalaşmasında danılmaz yeri var. İslam bizə yad və ayrı bir şey deyil, bizim öz mirasımızın bir hissəsidir".
O, Qərbdəki insanları İslama qarşı müasir dövrdə edilən bəzi təhrifləri görməyə çağırıb: "İslamın qanunları, rəhbər prinsipləri birbaşa Qurandan götürülüb. Bunlar ədalət və mərhəmət prinsipləridir”.
O, 1400 il əvvəl İslamda qadınlara mülkiyyət və miras hüququnun verildiyini qeyd edərək, İslamın “tolerantlığına” dərin ehtiramını bildirib. Həmin nitqində yeni kral,  “Avropa mədəniyyəti və sivilizasiyasının İslam dünyasına borclu olduğuna dair məlumatsızlığından” təəssüfləndiyini qeyd edib.
O zamankı şahzadə və hazırkı kral, qeyd edilən nitqində Britaniyanın müsəlman icmaları haqqında: "Sizlər Britaniyanın sərvətisiniz və mədəni zənginliyinə böyük töhfələr verirsiniz” ifadələrini işlədib.
Çarlz, sözügedən nitqdə müsəlmanların ölkədə assimilyasiyaları (yerli dili, adət ən-ənələri öyrənmələri, yerli xalqla qaynayıb qarışmaları və.s) üçün öz kimliklərindən imtina etməsini tələb edənlərdən fərqli olaraq, ikitərəfli inteqrasiya prosesinə çağırıb: “Müsəlmanlar cəmiyyətimizdə inteqrasiyanın əhəmiyyətini dərk edərək öz həyati azadlıqlarını balanslaşdırmalıdırlar. Müsəlmanlar İslam inancının gündəlik həyatdakı tətbiqinə hörmətlə yanaşmalı və qarşıdurmalara səbəb ola biləcək hərəkətlərdən çəkinməlidirlər”.
Bir sözlə yeni Kral III Çarlz 1993-cü ildə hələ taxt varisi ikən Britaniya müsəlmanlarına, əksəriyyəti keçmiş müstəmləkələrdən olan miqrantlara onların ölkədə olmalarının sadəcə xoş qarşılanmadığını, həm də dəyərli olduğunu söyləyib.
Çarlzın İslam sənətinə olan sevgisi şəxsi həyatında özünü göstərir. O, Qlosterşirdəki evinin geniş həyətində İslam bağlarından ilhamlanaraq fidanlar, güllər əkmişdir.
Çarlz belə deyir: “Mən bağda əncir, nar və zeytun ağacları əkdim, çünki onların Quranda adı çəkilir”.
Bütün bunlar Kral Çarlzı Trass hökuməti və rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasından təhlükəli şəkildə ayırır. Çarlz indiki dövrdə İslam mövzusuna qayıtsa, bu onu mühafizəkar hökumətin gündəminin çox hissəsini təşkil edən qəddar tənqidlərə açıq hala gətirəcək.
Onun taxtda din haqqında Uels şahzadəsi olduğu zamandakı kimi açıq danışmağa davam edib-etməyəcəyini hələ bilmirik. O, ehtimal ki ictimai mübahisələrdən məharətlə uzaqlaşan anasından aldığı dərsləri yadda saxlayıb. Bununla belə, İslama açıq şəkildə heyran olan bir kralın olması çox əhəmiyyətlidir".

DİGƏR XƏBƏRLƏR

Top