Kraliçanın dəfnində "qeyri-ənənəvi" protokol tətbiq ediləcək - Maraqlı təfərrüatlar...



Keçən həftə 96 yaşında vəfat edən Kraliça II Elizabetin 19 sentyabrda keçiriləcək dəfn mərasimi üçün İngiltərə Xarici İşlər Nazirliyi tərəfindən İngiltərə səfirliklərinə cənazənin necə təşkil ediləcəyi ilə bağlı mesaj göndərilib.

Yeniavaz.com "Politico"ya istinadən xəbər verir ki, 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edən İngiltərə kraliçası II Elizabetin dəfn mərasiminin təfərrüatları ortaya çıxıb. Belə ki, dəfn mərasiminə qatılmaq üçün dövlət və hökumət başçılarından Londona xüsusi təyyarələr yerinə kommersiya məqsədli uçuşlarla gəlmələri istənəcək. Liderlər mərasim yerinə getmək üçün öz rəsmi nəqliyyat vasitələrinə deyil, toplu şəkildə avtobusa minməli olacaqlar. 

Maraqlı təfərrüatlar…
Mesajda Vestministerdə yerləşən Müqəddəs Pyotr Kollegial kilsəsindəki mərasimin izdihamlı olacağı, mərasimə qatılacaq dövlət və ya hökumət başçılarının yalnız özlərinə və onlarla birlikdə gələcək yalnız bir nəfərə (həyat yoldaşlarına) yer ayrılacağı bildirilib.
Mərasimə liderlərin mühafizəçiləri, həmçinin ailələrindən başqa şəxslərin qatılmasının mümkün olmadığı vurğulanıb. Bildirilib ki, liderlər iştirak etməsə, onları təmsil etmək üçün mərasimdə nazir kimi yüksək səviyyəli məmur iştirak edə bilər.
Mərasimə şəxsi təyyarə ilə gəlmək olmaz, helikopter qadağandır
Protokol sənədinə görə, mərasim üçün Londona gedəcək dövlət və hökumət başçılarından çoxsaylı qonaqların gəlməsi ilə əlaqədar yaranacaq qarışıqlığın qarşısını almaq üçün “mümkün qədər” öz şəxsi təyyarələrindən deyil, kommersiya uçuşlarından istifadə etmələri istəniləcək.
Öz şəxsi təyyarələrindən istifadə etmək istəyən liderlərdən və onların nümayəndə heyətlərindən Londonun Hitrou hava limanına deyil, paytaxt xaricindəki digər hava limanlarına enmələri tələb olunacaq.
Mərasimə gələn liderlər helikopterlərdən istifadə edə bilməyəcəklər. Dəfn mərasimindən əvvəl London üzərində çoxlu uçuşlar olacağı üçün Londonun mərkəzinə gəlmək üçün helikopterlər mövcud olmayacaq.
Xidməti avtomobil yerinə ictimai nəqliyyatdan istifadə
Liderlər dəfn mərasiminin keçiriləcəyi yerə gedərkən xidməti avtomobillərindən istifadə edə bilməyəcək. Bunun yerinə dövlət və hökumət başçıları mərasim yerinə avtobuslarla aparılacaq.
Avtobuslar mühafizəçilərin müşayiəti ilə Londonun qərbindən mərasimin keçiriləcəyi Müqəddəs Pyotr Kollegial kilsəsinə gedəcək. Mərasimdən sonra liderlər avtobuslarla Londonun qərbinə aparılacaq və burada öz rəsmi nəqliyyat vasitələrinə keçə biləcəklər.
Mərasimlə bağlı digər detallar
Britaniya Xarici İşlər Nazirliyinin protokol mesajında ​​dəfnlə bağlı digər təfərrüatlar da öz əksini tapıb.
Buna görə kraliçanın oğlu, taxt-taca keçmiş Kral III Çarlz dəfn mərasimindən bir gün əvvəl Londona gələcək liderlər üçün Bukingem sarayında qəbul təşkil edəcək.
Liderlər Kraliçanın cənazəsini ziyarət edərək ehtiramlarını bildirəcək, Böyük Britaniya Xarici İşlər Nazirliyinin tarixi "Lancaster House" qəsrində başsağlığı kitabını imzalayacaq və bir dəqiqəlik kollektiv sükutla çıxış edəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top