Müdafiə Nazirliyi sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsi barədə məlumat yayıb. Daha sonra isə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov brifinq keçirərək Ermənistan silahlı qüvvələrinin bölmələrinin genişmiqyaslı təxribatı barədə ətraflı məlumat verib.
Jurnalist, "Toplum TV"nin əməkdaşı Fərid İsmayılov iddia edir ki, o brifinqin keçirildiyi zaldan hədə-qorxu ilə çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.
“Müdafiə Nazirliyi saat 02:00-da brifinq keçirməli idi. Saat 01:50-də brifinq keçirilən məkana daxil oldum. Növbətçiyə və NBM nəzarətçisinə vəsiqəmi təqdim etdim, kiməsə məruzə etdilər, zala daxil olmağım üçün heç bir problem olmadığı bildirildi. Brifinqin başlamasına 2 dəqiqə qalmış binaya sanki 82 mm-lik mərmi düşdü. Müdafiə Nazirliyinin əməkdaşları "Toplum TV" qışqırmağa başladılar. Artıq nə baş verdiyini başa düşdüm.
Özünü təqdim etməyən naməlum şəxs "Müdafiə Nazirliyi zəng edib ki, təcili o jurnalist çölə çıxsın, brifinq başlamalıdır", - dedi. Çölə çıxmayacağımı bildirdikdə, həmin bu naməlum şəxs hədə-qorxu gəlməyə, əl-qol atmağa başladı.
Anar Eyvazov da daxil olmaqla nazirliyin informasiya şöbəsindən heç bir əməkdaş zənglərimizə cavab vermədi. Nazirliyin həyətində mətbuat xidmətinin əməkdaşı baş leytenat İbrahim Məmmədbəyovdan nə baş verdiyini soruşdum, heç bir sualıma cavab vermədi. Qısa cavab o oldu ki, "nazirlik deyir, "Toplum TV"ni brifinqə buraxmayın".
Bu səbəbdən də brifinq 51 dəqiqə gecikdi. Əvəzində nə baş verdi? Heç nə! Heç bir sual verilmədi və vətəndaş yenə də qaldı erməni mətbuatının ümidinə!”
Məsələ ilə bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.