Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində daha bir yaşayış məntəqəsini rus işğalçılarından azad edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Telegram”da bildirib.
O bildirib ki, böyük knyaz Romanın adını daşıyan 14-cü mexanikləşdirilmiş briqada sayəsində Ukrayna bayrağı Xarkov vilayətinin Çkalovskoe kəndinə qayıdıb.
"Və hər yerdə belə olacaq. Biz Ukraynanın hər bir şəhərindən və kəndindən işğalçıları qovacağıq. Bütün qəhrəmanlarımıza təşəkkürlər!", - deyə Zelenski qeyd edib.
Xatırladaq ki, sentyabrın 10-da Volodimir Zelenski Xarkov vilayətində daha iki yaşayış məntəqəsinin ruslardan təmizləndiyini elan edib. O bildirib ki, ayın əvvəlindən Ukrayna Silahlı Qüvvələri artıq 2 min km-ə yaxın ərazini azad edib və hərbçilərin cəbhənin müxtəlif istiqamətlərində hücumları davam edir.
Ukrayna Baş Qərargahının məlumatına görə, son günlər Silahlı Qüvvələr Xarkov vilayətində, Balakleya şəhəri də daxil olmaqla, rus ordusu tərəfindən müvəqqəti olaraq ələ keçirilən 30-dan çox yaşayış məntəqəsini azad edib və ya nəzarətə götürüb.