''Qanunsuz yaşadıqları Azərbaycan ərazilərindən mövqelərimizin atəşə tutulması Ermənistanın həm Vətən müharibəsindən, həm də ''Qisas'' əməliyyatından nəticə çıxarmadığını göstərir. Belə davam edəcəyi təqdirdə onlara növbəti dəfə dəmir yumruq zərbəsi dəyəcək''.
Yeniavaz.com xəbər verir ki, bunu ''Xəzər Xəbər''ə müsahibəsində hərbi ekspert Ədalət Verdiyev deyib. Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutulması məsələsini şərh edən hərbi ekspert bildirib ki, Ermənistan bu addımı ilə Azərbaycana qarşı ərazi iddialarının olduğunu demək istəyir. Mövqelərimizin atəşə tutulması isə ordumuzun təhlükəsizliyinə ciddi təhdidlər yaradır.
Ədalət Verdiyevin sözlərinə görə, belə məqamda bu gün Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirənin keçirilməsi təsadüfi deyil.
Hərbi ekspert Alparslan İmamqulu isə hesab edir ki, Vətən müharibəsi və ''Qisas'' əməliyyatından sonra da Ermənistan ordusu tərəfindən mövqelərimizin atəşə tutulması qarşı tərəfin növbəti dəfə sərt şəkildə cəzalandırılmasını zəruri edir.
Ekspertlər ehtimal edirlər ki, Ermənistan ordusunun mövqelərimizi davamlı olaraq atəşə tutacağı təqdirdə Azərbaycan ordusu əməliyyatları yaxın günlərdə həyata keçirilə bilər.