Sakinlər icra başçısına problemlərindən danışdılar


Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə sentyabr görüşü Mikayıl Müşfiq küçəsində keçirilib.
Yeniavaz.com
xəbər verir ki, icra başçısı insanlarla yerlərdə görüşmək, onları narahat edən problemləri öyrənmək, sakinlərə şəhərdə görülən işlərlə bağlı məlumatlar vermək və sakinləri narahat edən problemlərin həllinə dəstək vermək üçün bu cür görüşlər keçirildiyini bildirib. Sakinlər görüşdə müxtəlif problemlərlə bağlı şikayətlərini bildiriblər. Onlar daha çox yaşadıqları ərazidə sahibsiz itlərin çoxalmasından, tüstü bacalarının təmizlənməsi, blokların pəncərələrinin olmamasından, istilik sisteminin bərpasından, məhəllələrin işıqlanması kimi problemləri dilə gətirdilər. 
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı qaldırılan məsələləri qeydiyyata götürdükdən sonra qeyd etdi, şəhərdə çox mühüm infrastruktur layihələr həyata keçirilir, kanalizasiya işləri görülür. Elektirik və qazın verilməsində isə  problem yoxdur:
“Əksər ərazilərdə bu işlər yekunlaşdırılıb. Ərazilərdə uzun illər asfaltlanmayan yollar asfaltlanır, eyni zamanda məhəllələrə işıqlanma sistemi qurulur, nümunəvi məhəllələrin qurulmasına başlanılıb”.
Şikayətlərə qulaq asan İlham İsmayılov sonda qeyd edib ki, bu günkü görüşdə iştirak edən İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri qaldırılan problemləri nəzarətə götürməklə mərhələ-mərhələ həllinə nail olmağa çalışacaqlar.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top