Bu siyasi partiyalara dövlət maliyyə yardımı ödənilməyəcək


Maliyyə hesabatını müvafiq qaydada təqdim etməyən siyasi partiyalara dövlət maliyyə yardımı ödənilməyəcək.

Yeniavaz.com xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, siyasi partiya bu Qanunla müəyyən edilmiş tələbləri nəzərə almaqla “Mühasibat uçotu haqqında” qanuna uyğun olaraq mühasibat uçotunu aparır və maliyyə hesabatını tərtib edir.

Siyasi partiya tərəfindən illik maliyyə hesabatı auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilir.

Maliyyə hesabatında, o cümlədən üzvlük haqqı ödəyən siyasi partiya üzvlərinin sayı, həmçinin siyasi partiyanın qəbul etdiyi ianələrin məbləği qeyd edilir.

Siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Mərkəzi Seçki Komissiyasının müraciəti əsasında siyasi partiya maliyyə fəaliyyətinə dair əlavə məlumatları və sənədləri təqdim etməlidir.

Siyasi partiya illik maliyyə hesabatını auditor rəyi ilə birlikdə mediada dərc etdirir. Mərkəzi Seçki Komissiyası siyasi partiyanın illik maliyyə hesabatını özünün rəsmi internet səhifəsində yerləşdirir.

Maliyyə hesabatı müvafiq qaydada təqdim edilmədikdə siyasi partiyaya həmin ilin qalan rübləri üzrə dövlət maliyyə yardımı ödənilmir. Qeyd edilən pozuntu növbəti ildə təkrarlandığı halda siyasi partiyaya həmin ilin qalan rübləri üzrə, həmçinin növbəti 3 il ərzində dövlət maliyyə yardımı ödənilmir.

DİGƏR XƏBƏRLƏR

Top