"Cinayətkar dəstənin “xaç ataları” bu gün azadlıqdadırlar" - MTN işi


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə, zərərçəkən Zaur Əliyev bildirib ki, bu mütəşəkkil cinayətkar dəstənin “xaç ataları” bu gün azadlıqdadırlar: 

“Bu gün də yaratdıqları cinayətkar dəstəyə havadarlıq edirlər. Bunlar sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov, keçmiş baş prokuror Zakir Qaralov, onun müavini olmuş Rüstəm Usubovdur. Mövlam Şıxəliyev bu “xaç ata”larının yaratdıqları mütəşəkkil cinayətkar dəstənin sadəcə MTN-də baş briqadiri olub. O da öz növbəsində bu gün məhkəmə qarşısında olan və olmayan dəstə üzvlərinə rəhbərlik, nəzarət edən vəzifəli şəxs olub".

Zaur Əliyevin sözlərinə görə, Baş Prokurorluğun bu iş üzrə 7 il istintaq aparması bir məqsədə xidmət edib:

“MTN-də bu iş üzrə zərərçəkənlərə qarşı baş verən cinayətlər Eldar Mahmudovun ümumi rəhbərliyi, baş prokuror Zakir Qaralovun rəhbərliyi, onun 1-ci müavini, istintaqa nəzarət edən Rüstəm Usubovun nəzarəti altında törədilib. O zaman MTN-in İstintaq Baş İdarəsinin rəisi olan Mövlam Şıxəliyev və bu gün onunla məhkəmə qarşısına çıxarılanlar sıravi icraçılar olub.

Bu vəzifədən sui-istifadə-korrupsiya mexanizmi 10 ilə yaxın fasiləsiz işləyib. Baş prokuror Zakir Qaralovun rəhbərliyi, Rüstəm Usubovun nəzarəti altında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi 7 il iş üzrə istintaq aparması, vaxt uzatmaqdan başqa bir şey olmayıb.

Ortaya qoyulan ittiham aktından belə anlaşır ki, guya bu cinayətləri Mövlam Şıxəliyev təkbaşına törədib.

Faktiki olaraq isə belə deyil. Mövlam Şıxəliyev uzağı 3 belə cinayət törədə bilərdi. Ona bu cinayətləri törətmək üçün göstərişlər verilib.

Məqsəd pul qoparmaq, varlanmaq olub. Mövlam Şıxəliyev bu “cinayətlər zəncirində” bir halqa olub. Ona göstərişlər verilib. Bəli, istəsəydi, qanunsuz göstərişi icra etməzdi. Amma edib və ona quldurluqdan pay düşüb”.

Növbəti proses sentyabrın 8-də davam edəcək.

Qeyd edək ki, iyulun 26-da keçirilən prosesdə çıxış edən Mövlam Şixəliyevə prokuror 14 il, Yasin Məmmədova 12 il, Vüsal Ələkbərova 11 il, Sahib Ələkbərova isə 10 il həbs cəzası istəyib.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.

DİGƏR XƏBƏRLƏR

Top