
Mingəçevir 19 saylı məktəbin XI texniki-riyaziyyat və iqtisadiyyat təmayüllü sinfində təhsil alan 15 şagirdin hər biri ali məktəbə qəbul olaraq tələbə adını qazanıb.
Yeniavaz.com xəbər verir ki, onlardan Quliyeva Fidan Elşən qızı və Əliyev Nihat Nurlan oğlu 600-dən yuxarı bal toplayıb.


Məktəbin direktor əvəzi Ülviyyə Fətəliyeva bildirib ki, 2005-ci ildən 19 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 2019-cu ildən vakant olan direktor vəzifəsini icra edir. Ü.Fətəliyevanın sözlərinə görə, bu vəzifəni icra etməyə başlayanda məktəbi 21 sinif və 420 şagirdlə təhvil alıb.
“Hazırda isə 647 şagird, 28 sinif fəaliyyət göstərir. 649 saat dərs saatı var idisə, hazırda 1200-ə yaxın dərs saatıdır, bu da müəllimlərin rifahının yaxşılaşdırılması istiamətində atılan addımdır”.

Direktor əvəzi 2021-2022-ci tədris ilində əldə olunan nəticələrdən də söz açıb. Onun sözlərinə görə, işlədiyi dövr ərzində məktəbin potensialına uyğun işləməyə, direktor vəzifəsini icra edən gündən isə daha da məsuliyyətli olmağa, qarşıda duran məqsədə çatmağa və təhsildə uğurlar əldə etməyə çalışıb:
“Əldə etdiyimiz uğurlara məktəbin kollektivi, şagirdlərin, valideyinlərin əməyinin nəticəsində nail olmuşuq. Hələ ki, bu uğurlar bizi qane etməsə də, var qüvvəmizlə çalışacağıq. Pedoqoji kollektivimiz diaqnostik qiymətləndirmədə də yüksək nəticə əldə edib - şəhər üzrə ikinci olmuşuq. Ən əsası isə məktəbdə valideyn-məktəb-şagird üçlüyü fəal fəaliyət göstərir. Eyni zamanda 2021-2022-ci tədris ilində fəaliyyət göstərən XI texniki-riyaziyyat və iqtisadiyyat təmayüllü sinfində təhsil alan 15 şagirdin hər biri ali məktəbə qəbul olaraq tələbə adını qazanıb. Əminəm ki, qarşıdan gələn 2022-2023-cü tədris ilində də bizim uğurlarımız daha böyük olacaq. Bu bizim qarşımıza qoyduğumuz hədəfdir. Bu ilki təmayül sinif onbirlərin potensialına tam əminəm ki, onlarda ən yüksək nəticə göstərəcəklər”.
Direktor əvəzi həmçinin məktəbdə keçirilən tədbirlərdən, yaradıcı dərslərdən, şəhid ailələri ilə bağlı mütamadi görüşlərdən söz açıb. Bildirib ki, ən çox önəm verilən tədbirlərdən biri şəhid ailələri ilə bağlı olub. Qeyd edib ki, məktəbin 3 şəhid məzunu var. Məktəbdə təhsil alan şəhid övladları da var:
“Şuşa ili ilə bağlı təşkil olunan intelektual yarışda da məktəbin şagirdləri iştirak edib, şəhər mərhələsindən zona mərhələsinə, daha sonra isə finala vəsiqə qazanıblar. Eyni zamanda məktəbin şagirdləri “Breyn Rinq” intellektual oyunlarında da iştirak edib. Yekun nəticə Zəfər Günündə bəlli olacaq”.

Ü.Fətəliyeva sonda qeyd edib ki, bu qədər uğurları olan bir məktəbin maddi-texniki bazası demək olar ki, yox səviyyəsindədir. Otaq sayları azdır, məktəbin istilik sistemi yoxdur. Amma buna baxmayaraq məktəbə şagird axını davam edir, bunlar da təhsilin keyfiyyətində heç bir əngəl törətmir.
Esmira Hidayətova, Mingəçevir