Rəhbər şəxslərin 12 min maaş aldığı SOCAR-da məlumatlar niyə yenilənmir? - Fotofakt


Son günlər ölkədə ən çox müzakirə olunan mövzulardan biri Dövlət Neft Şirkətinin (SOCAR) rəhbər şəxslərinin yüksək əmək haqqı almaları ilə bağlı məlumatdır.
Yeniavaz.com
xəbər verir ki, açıqlanan məlumatlarda SOCAR prezidentinin 13 min manatdan çox, rəhbər işçilərin isə 5-12 min manat arasında əmək haqqı aldıqları göstərilir.
Maraqlıdır ki, SOCAR-ın əməkdaşları bu qədər yüksək əmək haqqı almalarına baxmayaraq qurumun rəsmi saytında – socar.az-da yerləşdirilən məlumatları vaxtlı-vaxtında yeniləmirlər.
Məsələn, socar.az saytında “İqtisadi və statistik göstəricilər” bölməsinə daxil olan zaman orada neft hasilatı ilə bağlı sonuncu rüblük hesabatın 2018-ci ilin 1-ci rübünə aid olduğu görülür. Son 4 ildə həmin bölməyə heç bir məlumat əlavə edilməyib.

Məlumat üçün bildirək ki, SOCAR neft hasilatı ilə bağlı rüblük məlumatları yalnız press-reliz şəklində paylaşır. Ancaq həmin məlumatlar “İqtisadi və statistik göstəricilər” bölməsinə daxil edilmir. Nəticədə insanların statitik məlumatları alması çətinləşir və eyni zamanda da qeyd olunan bölmə mövcud olduğu halda orada heç bir yenilənmə aparılmır.
Socar.az saytında diqqət çəkən məqamlardan biri də Hasilatın pay bölgüsü sazişlərilə bağlı məlumatların yerləşdirildiyi bölmədir. Həmin bölməyə daxil olduğumuz zaman orada yataqlardakı iştirakçılar və onların iştirak payları göstərilib. Halbuki bu məlumatlar hasilatın pay bölgüsü sazişi imzalanan dövrü göstərir. Sonrakı illərdə “Şahdəniz” yatağındakı iştirakçılar və onların pay bölgüsü dəfələrlə dəyişilib. Lakin bu məlumatların heç biri həmin bölmədə yoxdur. Məsələn, SOCAR-ın rəsmi saytında yer alan məlumatdan belə başa düşülür ki, “Statoyl Azərbaycan” şirkəti “Şahdəniz” yatağında 25% paya sahibdir. “Statoyl Azərbaycan” şirkəti artıq 10 ildir “Şahdəniz” yatağındakı payını satıb.

Eyni vəziyyət həm dənizdəki, həm də qurudakı yataqların iştirakçıları ilə bağlı məlumatlarda da müşahidə olunur. Qeyd olunan bölməyə daxil olaraq yataqlardakı iştirakçıların hansı şirkətlər olduğunu və onların pay bölgüsünü öyrənmək mümkün deyil.  
Socar.az saytında mövcud olan “Fəaliyyət” bölməsinə daxil olduğumuz zaman da yataqlarla bağlı məlumatların yenilənmədiyini görmək mümkündür.
Ötən illin dekabr ayında SOCAR ilə “GL İnternational LTD” MMC arasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının işlənməsilə bağlı saziş imzalanıb. Lakin, bu barədə socar.az saytında hər hansı bir məlumat tapmaq mümkün deyil.
Məsələ ilə bağlı SOCAR-ın mətbuat xidmətindən bildirdilər ki, onlar suallara ancaq yazılı formada cavab verirlər.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top