Kabildəki partlayışda 2 rus diplomatı ölüb - Yenilənib


Rusiyanın Kabildəki səfirliyi yaxınlığında baş verən partlayışda azı 8 nəfər həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı hüquq-mühafizə orqanlarındakı əfqan mənbəsinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, azı 15 nəfər xəsarət alıb.
Rusiya Xarici İşlər Nazirliyi də hadisə ilə əlaqədar bəyanat yayıb:
“Sentyabrın 5-də Kabil vaxtı ilə saat 10:50-də (Bakı vaxtı ilə 10:20) Rusiyanın Kabildəki səfirliyinin konsulluq şöbəsinin girişinin bilavasitə yaxınlığında naməlum silahlı partlayıcı qurğunu işə salıb. Hücum nəticəsində diplomatik missiyanın iki əməkdaşı həlak olub, ölənlər arasında Əfqanıstan vətəndaşları da var”.

***12:28
Əfqanıstan paytaxtı Kabilin rayonlarından birində partlayış baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Aamaj News” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Hadisənin Dar-ül-Aman küçəsində, Rusiya səfirliyinin binasının yaxınlığında baş verdiyi bildirilib.
Səlahiyyətlilər hələlik hadisə ilə bağlı şərh verməyiblər.
“Al Arabiya” telekanalının məlumatına görə, səfirlik yaxınlığındakı partlayışı terrorçu-kamikadze törədib.
Bildirilib ki, radikal “Taliban” hərəkatının formalaşdırdığı hökumətin tərəfdarları radikala atəş açıblar.
Partlayışın baş verdiyi rayonun polis rəhbəri Mövlavi Sabir “Reuters”ə bildirib ki, təhlükəsizlik qüvvələri kamikadzeni hədəfinə çatmamış müəyyən edib zərərsizləşdirib. Zərərçəkənlər barədə məlumat verilmir.
“RİA Novosti" isə məlumat yayıb ki, Rusiyanın Kabildəki səfirliyi qarşısında partlayış, rusiyalı diplomatın viza üçün müraciət edənlərin adını çəkmək üçün çölə çıxması zamanı baş verib, 15-20 nəfər ölüb və ya yaralanıb.
Rusiyanın Əfqanıstandakı səfirliyi Rusiyanın Kabildəki səfirliyi yaxınlığında baş verən partlayışla bağlı hələlik şərh verməyib.

DİGƏR XƏBƏRLƏR

Top