Özünü yandıraraq intihar edən şəxs qazi imiş - Açıqlama


Sentyabrın 4-də yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandıran Ucar rayonu, Alpout kənd sakini, II qrup əlil, 1965-ci il təvəllüdlü Həsənov Nazir Məmmədhəsən oğlu I Qarabağ müharibəsi veteranı imiş.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri Tural Qurbanov sosial şəbəkə hesabında paylaşım edib.
“Ucar rayon sakini, I Qarabağ müharibəsi veteranı Həsənov Nazir Məmmədhəsən oğluna Allahdan rəhmət diləyirik.
Qeyd edirik ki, bəzi sosial şəbəkə səhifələrində və media orqanında N.Həsənovun əlilliyinin dayandırılması barədə qeyd edilənlər tamamilə əsassızdır.
Belə ki, ona hələ 2021-ci ilin may ayından 5 il müddətinə ümumi səbəbdən əlillik təyinatı aparılıb və o, əlilliyə görə aylıq müavinətlə, həmçinin müharibə veteranı kimi aylıq təqaüdlə təmin edilib.
N.Həsənovun əyani müayinəsi zamanı müəyyən edilmiş, əlillik təyinatına əsas verən xəstəliyinin (baş-beyin xəstəliyi nəticəsində yaranan şəxsiyyət-davranış pozğunluqları) hərbi xidmətlə əlaqəsi olmadığına görə, ona qanunvericiliyə əsasən ümumi səbəbdən əlillik təyin olunmuşdu.
Ötən dövrdə də bu qərarla bağlı heç bir narazılığı və müraciəti olmamışdır.
Bir daha baş vermiş faciə ilə bağlı təəsüfləndiyimizi bildirir, mərhumun ailəsinə səbr diləyirik”, - paylaşımda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top