Şəxsiyyət vəsiqəsi olmayanlar sənədlərini necə bərpa edə bilər? - Açıqlama


Cəmiyyətdə sənədləri qaydasında olmayan şəxslər çox deyilsə də, bu hal mövcuddur. Hər hansı səbəbdən 18 yaşında şəxsiyyət vəsiqəsi almayan vətəndaşlar az deyil. Bu kimi hallarda isə onlar heç bir halda rəsmi sənədləşmə, xəstəxana, yaşayış ünvanlarına qeydiyyata düşə bilmirlər.

Bəs bu kimi hallarda hansı istisnalar nəzərdə tutulub? Yəni, şəxsiyyət vəsiqəsi heç vaxt olmayan şəxslər sənədlərini necə bərpa edə bilərlər? Qanunla bu kimi hallarda hər hansı cərimə varmı? Elə bir hal varmı ki, o halda həmin şəxslərə qanunla şəxsiyyət vəsiqəsi təqdim edilməkdən imtina edilsin?

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, məsələyə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti münasibət bildirib. Qeyd olunub ki, Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunduqdan sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır.

Yaşı 18-i keçən Azərbaycan vətəndaşlığını təsdiq edən heç bir sənədi olmayan şəxs müraciət etdikdə ilk növbədə doğum haqqında şəhadətnamə təqdim etməlidir. Belə olan halda onun vətəndaşlıq mənsubiyyətini yoxlamaq üçün aidiyyəti üzrə Dövlət Miqrasiya Xidmətinə müvafiq sorğu göndərilir (şəxs bu sorğunu özü də göndərə bilər).

Yoxlanıldıqdan sonra 20 gün ərzində onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınıb tanınmaması barədə qərar qəbul edilir. Bundan sonra Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyəti tanınmış şəxslərin şəxsiyyət vəsiqəsi alması ilə bağlı ərizəsi qəbul edilir. Şəxs ərizə yazdıqdan və müvafiq zəruri sənədləri təqdim etdikdən sonra şəxsiyyət vəsiqəsi təqdim edilir. 

Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan şəxsə heç bir halda şəxsiyyət vəsiqəsinin verilməsində imtina edilmir.

DİGƏR XƏBƏRLƏR

Top