Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Kremlin” məlumat yayıb.
Bildirilib ki, Türkiyə lideri SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovun vəfatı ilə bağlı başsağlığı verib, onun Rusiyanın və bütün dünyanın ən yeni tarixində mühüm rolunu qeyd edib.
Avqustun 5-də Soçidə yüksək səviyyəli danışıqlar zamanı əldə olunmuş razılaşmalar kontekstində Rusiya ilə Türkiyə arasında çoxşaxəli əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə edilib.
Bundan əlavə ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, o cümlədən enerji sektorunda birgə strateji layihələrin təşviqi niyyəti təsdiq edilib.
Ukraynadakı vəziyyətə də toxunulub. Rəcəb Tayyib Ərdoğan MAQATE-nin Zaporojye AES-ə missiyasının təşkilində Rusiyanın konstruktiv rolunu qeyd edib. Türkiyə Prezidentinin vasitəçiliyi ilə iyulun 22-də İstanbulda bağlanmış “taxıl müqaviləsi”nin həyata keçirilməsinə baxılıb.
Telefon danışığı zamanı həmçinin gələcək təmaslar barədə razılıq əldə olunub.